Dünya Kubokuna nə qədər bilet satılıb?
ESTAFET/ Bakıda keçiriləcək yunan-Roma güləşi üzrə Dünya Kuboku üçün indiyədək satılmış biletlər bəlli olub.
Bu barədə Azərbaycan Güləş Federasiyasının mətbuat katibi Sərxan Musalı jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Bakı İdman Sarayında keçiriləcək yarış üçün biletlərin 25 faizi satılıb.
Federasiya rəsmisi satışda 1100 bilet qaldığını sözlərinə əlavə edib: "Onlayn satışdan əlavə, şəhərin müxtəlif yerlərindəki satış nöqtələrindən də biletləri əldə etmək mümkündür. Bununla yanaşı, yarışlar davam edən günlərdə sarayın qarşısında da satış olacaq”.
Qeyd edək ki, Dünya Kuboku 5-6 noyabrda təşkil olunacaq.
Turnirdə 6 yığma mübarizə aparacaq. Komandalar iki qrupa bölünəcək. A qrupunda Türkiyə, İran, və Qırğızıstan, B qrupunda isə Azərbaycan, Serbiya və dünya yığması mübarizə aparacaq. Qrup qalibləri finala yüksələcək. Qrup ikinciləri isə bürünc medal uğrunda mübarizə aparacaq.