İdmançılarla “Narkomaniya ümumbəşəri bəladır” devizi altında görüş keçirilib

ESTAFET/ “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı” çərçivəsində “Təhsil” Respublika İdman Mərkəzinin 2 nömrəli respublika ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman məktəbində idmançılarla “Narkomaniya ümumbəşəri bəladır!” devizi ilə görüş keçirilib.

Tədbirdə Məktəbin direktoru, dərs hissə müdiri, həkimi, məşqçi-müəllim kollektivi, Yasamal rayon polis idarəsinin rəisi polis polkovniki Cəmil Əmirov, Yasamal rayon İcra Hakimiyyətinin müavini “Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi Komissiyası”nın sədri Təravət Muradova, Yasamal rayon Polis İdarəsi rəisinin şəxsi heyətlə iş üzrə köməkçisi polis polkovniki Orxan Mansurzadə, Yasamal rayon Prokurorunun köməkçisi Ayaz Həbibbəyli, Yasamal rayon İcra Hakimiyyətinin Gənclər və İdman İdarəsinin rəisi İlham Səfərov, Bakı şəhər Narkoloji Dispanserin həkim-narkoloqu Fazil Sadıqov və məktəbin 150 nəfərdən çox idmançısı iştirak edib.

Keçirilmiş tədbirdə yeniyetmə idmançılara narkomaniyanın törətdiyi fəsadlar, yeniyetmə və gənclərin narkotik asılılığı və digər zərərli vərdişlərdən qorunması, gənc nəslin savadlı, vətənpərvər ruhda böyüməsi, sağlam inkişaf etməsi istiqamətində həyata keçirilən tədbirlər haqqında ətraflı məlumatlar verilib, yeniyetmə və gənclər arasında narkotik vasitələrin yayılmasına qarşı təbliğatın, maarifləndirmə işlərinin aparılmasının vacibliyi vurğulanıb.

Müəllif: Natiq NƏSİROV