İKİNCİ MEDAL QIZIL OLDU

Bildirdiyimiz kimi, Tatarıstanın başkəndi Kazan şəhərində cüdo üzrə Avropa çempionatı davam edir. Bugün daha 2 idmançınız tatami üzərinə çıxıb.


Yığmamızın əsas üzvlərindən Rüstəm Orucov (73 kq) ona bəslənən ümidləri doğruldub. Rüstəm ilk görüşündə litvalı Kestutis Vitkauskasla heç bir şans verməyib və ipponla qalib gəlib. 1/8 final görüşündə eyni aqibəti şex Yakub Jesminekə yaşatmaq üçün Rüstəmə 22 saniyəyə kifayət edib. 1/4 finalda sloveniyalı Rok Draksiçə (Sloveniya) heç bir şans verməyən Rüstəm yarımfinalda rusiyalı Denis Yartsevlə final üçün mübarizə aparmaq hüququ qazanıb. Cüdoçumuza meydan sahibini məğlub etməsi üçün 2 dəqiqə bəs edib. Finalda isə Rüstəm 2012 London Olimpiadasının qalibi gürcü Laşa Şavdatuaşvili ilə qarşılaşıb. Bu görüşü də qələbə ilə başa vuran Rüstəm Avropa çempionu olub.

81 kq çəki dərəcəsində mübarizə aparan Abdulhaqq Rəsullu ilk görüşündə fransız Alan Şmittə qalib gəlsədə, 1/8 final mərhələsində belçikalı Yoaxim Bottyeyə məğlub olaraq mükafatlar uğrunda mübarizəni dayandırıb.

Çempionatın ilk günündə mübarizəyə qoşulan 4 idmançımızdan biri - Orxan Səfərov (60 kq) yalnız final görüşünü məğlub olaraq komandamıza gümüş medal qazandırmışdı. Bu şəkidə ilqar Muşkiyev 7-ci olub. Tərlan Kərimov (66 kq) və Aişə Qurbanlı (48 kq) ilk görüşlərindən məğlub olaraq mübarizəni dayandırmışdılar.