NÖVBƏTİ AZƏRBAYCAN QRAN-PRİSİNİN VAXTI DƏYİŞDİRİLDİ
ESTAFET/ Dünən Beynəlxalq Avtomobil Federasiyasının (FIA) Avtoidman üzrə Ümumdünya Şurasının İsveçrənin Cenevrə şəhərində baş tutan görüşü zamanı 2018 FIA Formula 1 Dünya Çempionatının təqvimi təsdiqlənib. Təqvimin 4-cü yarışı 2018 Formula 1 Azərbaycan Qran Prisi adı altında paytaxt Bakıda keçiriləcək. Bununla da Azərbaycan Qran Prisi gələn il ilk iki ilin təqvimdəki yeri ilə müqayisədə daha əvvəldə qərarlaşıb. Ardıcıl iki il Formula 1 yarışına iyun ayında ev sahibliyi edən Bakı Şəhər Halqası (BŞH) üçün 27-29 aprel tarixləri önəmli dəyişiklikdir.
Yeni təqvimin ilkin versiyasında digər maraqlı dəyişikliklər diqqətdən qaçmır. Belə ki, 2016-cı ildə olduğu kimi 2018-ci ildə də rekord sayda yarış – 21 Qran Prinin keçiriləcəyi gözlənilir.
“Yarış təşkilatçılarının daha çox hazırlıq vaxtlarının olması üçün gələn ilin təqvimini vaxtından əvvəl yekunlaşdırmaq istəyirdik və FIA ilə yaxın əməkdaşlıq nəticəsində buna nail ola bildik”, - deyə Formula 1-in rəhbəri Çeyz Keri 2018 Formula 1 təqviminin ilkin versiyasının elanından sonra mətbuata verdiyi açıqlamada bildirib.
“Hazırki yarış təşkilatçılarımıza hər bir yarışın xüsusi tədbir olduğunu göstərmək və həmçinin ən vacib tərəfdaşımız olan Formula 1 həvəskarları üçün hər bir yarışı unikal və yaddaqalan etmək istiqamətində var gücümüzlə çalışırıq. Əgər buna nail olsaq, bütün Formula 1 ailəsi bundan faydalana biləcək”.