İddiaçılar Turnirinə Bakıdan 3 "bilet"

ESTAFET/ 2023-cü ildə Bakıda keçiriləcək şahmat üzrə Dünya Kuboku növbəti İddiaçılar Turnirinə 3 vəsiqə verəcək.

Bu haqda Beynəlxalq Şahmat Federasiyası (FIDE) öz rəsmi saytında məlumat verib. Paytaxtımızdakı yarışda ilk 3 pillənin sahibləri şahmat tacı uğrunda mübarizə aparmaq hüququ qazanacaqlar.

İddiaçılar Turnirinə digər 5 vəsiqənin sahibi isə dünya çempionatının qalibi, "Grand Swiss" turnirində 1 və 2-ci yeri tutanlar, FIDE reytinqli turnirlərdə 1 il ərzində ən yüksək nəticə əldə edən şahmatçı və 1 yanvar 2024-cü il üçün ən yaxşı reytinqə malik qrossmesyster olacaq.

Qeyd edək ki, Bakıda şahmat üzrə Dünya Kuboku gələn il iyulun 29-dan avqustun 26-dək keçiriləcək.

Müəllif: Natiq NƏSİROV