Qılıncoynatmanın sablya növü üzrə "Riposta Cup" turnirinə yekun vurulub
Qılıncoynatmanın sablya növü üzrə Rumıniyanın paytaxtı Buxarest şəhərində keçirilən yeniyetmələr arasnda “Riposta Cup” turnirinə yekun vurulub.
Zərifə Hüseynova yeniyetmə qız sablyaçıların şəxsi yarışında yekun sıralamada 6-cı olub.
Qrup mərhələsini mütləq nəticə (6 qələbə) ilə bitirən Zərifə qələbə seriyasının davamını pley-offda da gətirib. Yeniyetmə sablyaçımız yarımfinala gedən yolda rumın, fransız, macar və amerikalı rəqiblərinə qalib gəlib. Zərifə bürünc medalın bir addımlığında Macarıstan idmançısı Nadin Totza 9:15 hesabı ilə uduzub.
Digər təmsilçilərimizdən qrupda 4 qələbəsi olan Valentina Zeynalova 32-liyə yüksəlmək uğrunda keçirilən görüşdə Bolqarıstan qılıncoynadanı Mariela Georgievaya 9:15 hesabı ilə məğlub olub. Fərəh Abbasova və Alla Həsənova qrup mərhələsini adlasa da, pley-offda mübarizəni dayandırıb. Fidan Quliyeva pley-offa adlaya bilməyib.
Yeniyetmə qız sablyaçılarımız komanda yarışında ilk görüşündə İspaniyanın ikinci komandasına 45:16 hesabı ilə qalib gəlsə də, növbəti mərhələdə ABŞ yığmasına 37:45 hesabı ilə uduzub.
Oğlan sablyaçıların şəxsi yarışında Nahid Məmmədli, Timur Husnaddinov və Rəsul Əliyev qrup mərhələsini adlayıb pley-offda mübarizə aparmaq hüququ qazansa da, 64-lüyə yüksələ bilməyib.
Yeniyetmə oğlan sablyaçılarımız komanda yarışında Yunanıstanın 3-cü komandasına 41:45 hesabı ilə məğlub olub.