TİLSİM SON GÜNDƏ QIRILDI: DÇ-2017
ESTAFET/ Bu gün Cənubi Koreyanın Muju şəhərində keçirilən Dünya çempionatı başa çatdı. 24-30 iyun tarıxlərində keçirilən mundiala 12 idmançı ilə qatılan milli komandamızın üzvləri bu çempionatda bir qızıl və bir bürünc medal qazandı.
Yarışın son günü Azərbaycan taekvondo tarixinin üçüncü qızıl medalı I Avropa Oyunlarının qalibi, Avropa çempionu, Olimpiya mükafatçısı, IV İslam Həmrəyliyi Oyunlarının qalibi, komandalararası Dünya kubokunun ikiqat sahibi Milad Beigi Herçəqanidən gəlldi. Milad qarşılaşdığı rəqibləri nigerli Djibo Bagna Kadrı (30:9), yapon idmançı Hidenori Ebatanı (18:7), ispan Raul Garcia Martinezi (19:13) və Moises Hernandezi (Dominikan Respublikası) 6:4 hesabı ilə məğlub edərək yarımfinala vəsiqə qazanıb. Komandamızın liderlərindən olan Milad həlledici mərhələyə vəsiqə uğrunda döyüşdə Moldova idmançısı Aaron Kuka şans verməyib - 41:5. Finalda isə rus Anton Kotkovu 21:3 hesabı ilə məğlub edən Milad fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Yarımfinala yüksələn Məhəmməd Məmmədov (63 kq) isə yarmfinal döyüşündə iranlı Mihashem Hosseiniyə 5:6 hesabı ilə məğlub olaraq dünya çempionatının bürünc mükafatına layiq görüldü.
Xatırladaq ki, “G12” kateqoriyalı çempionatın əvvəlki yarış günlərində Qaşım Maqomedov (54), Sina Bahrami (74 kq), Fizam Mehdiyev (58 kq), Ayxan Tağızadə (68 kq), Radik İsayev (+87), Ramin Əzizov (87 kq), qadınların mübarizəsində isə Safiye Polat (46 kq), Patimat Abakarova (49 kq), Fəridə Əzizova (67 kq) medallar uğrunda mübarizədən məğlub ayrılaraq yarışı erkən başa vurublar. Komanda hesabında millimiz Koreya, Türkiyə, Serbiya, Rusiya, Böyük Britaniya, Çin Xalq Respublikansından sonra yeddinci yerdə qərarlaşıb.