MMA döyüşçümüz dünya çempionatında gümüş medal qazanıb

ESTAFET/ Serbiyanın paytaxtı Belqradda qarışıq təktəbək döyüş növü – MMA üzrə dünya çempionatı keçirilib.
Səfərin ilk günü Azərbaycan Qarışıq Döyüş Sənəti Federasiyasının milli komandası müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli dövlət xadimi Heydər Əliyevin Belqraddakı abidəsini ziyarət edib. Azərbaycan MMA Federasiyasının prezidenti Rövşən Həsənov və milli komandanın üzvləri Taşmaydan parkında yerləşən abidənin önünə gül dəstəsi qoyub və dahi şəxsiyyəti böyük ehtiramla yad edib.
Beynəlxalq Qarışıq Döyüş Sənəti Federasiyası (IMMAF) tərəfindən 2014-cü ildən təşkil olunan böyüklər və gənclər arasında dünya çempionatında Azərbaycan Qarışıq Döyüş Sənəti Federasiyasının (AZMMAF) milli komandası da iştirak edib.
62 ölkədən 520-dən çox idmançının mübarizə apardığı turnirdə ölkəmizin idman şərəfini gənc və peşəkar olmaqla, ümumilikdə 6 idmançı qoruyub.
Azərbaycan komandasının qazancı bir medal olub. Esmira Məmmədova finalda məğlub olmaqla ikinci yerlə kifayətlənib. E.Məmmədovanın gümüş medalı MMA idman növündə ölkəmizin qadın idmançısının dünya çempionatında qazandığı ilk medal olub.
İdmançımıza medalı Azərbaycan Qarışıq Döyüş Sənəti Federasiyasının prezidenti Rövşən Həsənov təqdim edib. Qeyd edək ki, Serbiyada səfərdə olan AZMMAF rəsmiləri qarşılıqlı əməkdaşlıqla bağlı mühüm görüşlər keçirib.
