"Heydər Əliyevin 100 illiyinə həsr olunan tədbirdə iştirak mənim üçün fəxrdir": Vrismann

ESTAFET/ “Heydər Əliyevin 100 illiyinə həsr olunan tədbirdə iştirak etmək mənim üçün böyük fəxrdir”.

Bunu Beynəlxalq Aykido Federasiyasının prezidenti Vilko Vrisman Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş praktik seminarı çərçivəsində keçirilən mətbuat konfransında deyib.

İlk dəfədir Azərbaycanda olduğunu söyləyən Vrisman tamhüquqlu üzvləri olan Azərbaycan Aykido Federasiyasının dəvəti ilə Bakıya səfər etdiyini bildirib: “Gələcəkdə yenidən buraya gəlməyi düşünürəm və federasiya ilə əlaqələrimizi möhkəmləndirmək istəyirik. Bu gün yerli təşkilat üzvləri ilə birlikdə Fəxri xiyabanda oldum. Müstəqilliyinizə necə dəyər verdiyinizi gördüm. Azərbaycan Aykido Federasiyasının prezidenti İlham Quliyevlə ölkədə aykidonun inkişafı ilə bağlı görüşlərimiz olacaq”.

O, aykidonun təhsil və saflaşma sistemi üzərində formalaşdığını vurğulayıb: “Əgər bu həyatda özünüzü tapmısınızsa, deməli, psixoloji baryeri aşmısınız, artıq yetkin insan olmusunuz. Aykidonun mərkəzi Yaponiyadır. Bu idman növünü yaradan onun beynəlxalq səviyyəyə çatmasını istəyib. Özüm Yaponiyada illərlə məşq etmişəm, onların fəlsəfəsini mənimsəmişəm”.

Vrismann əlavə edib ki, aykido psixoloji problemi olan insanların sağlamlıqları üçün də vacib idman növüdür: “Aykido iki nəfər arasında ünsiyyətin qurulmasında mühüm rol oynayır. Niderlandda çoxlu xəstəxanalarda autizmlə mübarizə zamanı aykidodan istifadə edilir”.

Niderland Aykido Federasiyasının da prezidenti olan funksioner bu idman növünün ölkəsində 1953-cü ildə, Azərbaycanda isə ötən əsrin 90-cı illərində yarandığını xatırladıb: “Buna görə də Niderlandda daha səviyyəli aykido ustaları var. Amma bu o demək deyil ki, bir-birimizdən nəsə öyrənə bilmərik. Bir çox məsələlər Azərbaycanda da Niderlanddakı kimidir. Bizim üstünlüyümüz ondan ibarətdir ki, ölkəmizdə aykido Niderland Olimpiya Komitəsi tərəfindən tanınır. Ümid edirik ki, bu, Azərbaycanda da belə olacaq".

Azərbaycan Aykido Federasiyasının sədri İlham Quliyev isə ölkədə bu idman növünün inkişafı üçün mühüm addımlar atılacağını sözlərinə əlavə edib: “Federasiyanın əsas məqsədi gənclər arasında aykidonu təbliğ etmək, onları qeyri-sağlam ideyalardan uzaq tutmaqdır. Uşaqların həyat tərzini daha sağlam formaya salmaq prioritetimizdir. Bununla bağlı seminarlar təşkil edirik. Biz də Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş praktik seminarı təşkil etmək qərarına gəlmişik. Tədbir iki gün davam edəcək”.

Müəllif: Bəhruz MƏMMƏDOV