"Əziz Şuşa" beynəlxalq velosiped yarışının sonuncu - beşinci mərhələsinə yekun vurulub

Azərbaycan Velosiped Federasiyasının təşkilatçılığı, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Əziz Şuşa” beynəlxalq velosiped yarışının sonuncu - beşinci mərhələsinə iyunun 11-də yekun vurulub.

Yarışda idmançılar Beyləqan-Şuşa marşrutu üzrə 132,2 kilometr məsafə qət ediblər.

Beş mərhələnin ümumi nəticələrinə görə, İtaliya təmsilçisi Ansalone Emanuele turnirin qalibi olub. Rumıniya komandasının üzvü Kristian Raileanu ikinci, eyni komandanın üzvü Martin Nessler isə üçüncü olublar.

Sonuncu mərhələdə və qaliblərin mükafatlandırılması mərasimində müdafiə sənayesi naziri, Azərbaycan Velosiped Federasiyasının prezidenti Mədət Quliyev, gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva və federasiyaların məsul şəxsləri iştirak ediblər.

Qeyd edək ki, “Əziz Şuşa” beynəlxalq velosiped yarışına iyunun 7-də Bakıda start verilmişdi.

Müəllif: Bəhruz MƏMMƏDOV