ACF-in Kəmər imtahan komitəsinin təşkilatçılığı ilə Naxçıvanda seminar keçirilib

9 avqustda Azərbaycan Cüdo Federasiyasının Kəmər imtahan komitəsinin təşkilatçılığı ilə Naxçıvan Olimpiya İdman Kompleksində seminar keçirilib. Seminarda Kəmər imtahan komitəsinin üzvləri, Naxçıvan Muxtar Respublikasının müxtəlif klub, cəmiyyət və idman təşkilatından olan məşqçiləri və cüdoçuları iştirak ediblər.

Seminarda ACF-in hakimlər üzrə meneceri, beynəlxalq dərəcəli “A” kateqoriyalı hakim Mətin Rəhimli və birinci dərəcəli hakim Ülvi Əliyev tərəfindən imtahanlarda tələb olunacaq fəndlər əyani şəkildə nümayiş etdirilib.

Seminar zamanı fəndlərin düzgün icra edilməsi, imtahanların proqramları, qiymətləndirmə meyarları barəsində müzakirələr aparılıb. Bu ilin oktyabr ayında keçirilməsi planlaşdırılan kəmər imtahanları haqqında ətraflı məlumat verilib. Seminarın sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Kəmər imtahanlarının əsas məqsədi cüdo idman növünün fundamental, keyfiyyətli inkişafı, beynəlxalq standartlara uyğunlaşdırılması, həmçinin, bu idman növü ilə məşğul olan uşaq və yeniyetmələrin kəmər dərəcələri vasitəsi ilə həvəsləndirmə prosesinin effektiv təşkilini həyata keçirtməkdir.

Qeyd edək ki, kəmər imtahanları regionları da əhatə etmək şərtilə oktyabr ayından etibarən ildə ən azı 2 dəfə olmaqla təşkil edilməsi planlaşdırılır.

Müəllif: Natiq NƏSİROV