Milli Paralimpiya Komitəsinin prezidenti üzgüçülük üzrə paralimpiya millimizin üzvləri ilə görüşüb
Baş məşqçi Alavərdi Culfayev, idmançılar və onların şəxsi məşqçilərinin iştirak etdiyi görüşdə Komitə prezidenti dünya çempionatının komanda üçün uğurlu keçdiyini bildirib, yarışlarda medal və “Paris-2024” XVII Yay Paralimpiya Oyunlarına lisenziya qazanan idmançıları təbrik edib. Paralimpiya oyunlarına az vaxtın qaldığını vurğulayan Hidayət Abdullayev qeyd edib ki, bu müddət ərzində hazırlıqlar daha intensiv və məqsədli olmalıdır. O, komanda üzvlərinin qarşıdakı yarışlara hazırlığı və psixoloji vəziyyəti ilə maraqlanıb.
Milli komandanın baş məşqçisi Alavərdi Culfayev dünya çempionatının gərgin mübarizə şəraitində keçdiyini, bununla belə, komandanın qarşıya qoyulan əsas hədəflərə nail olunduğunu qeyd edib.
Daha sonra növbəti yarışlara hazırlıqla bağlı müzakirələr aparılıb, Komitə rəhbərliyi tərəfindən müvafiq göstərişlər verilib.
Qeyd edək ki, üzgüçülərimiz 31 iyul – 06 avqust tarixlərində Mançester şəhərində keçirilmiş dünya çempionatında 2 qızıl, 1 gümüş və 2 bürünc medal qazanmaqla çempionatı ümumilikdə 5 medal ilə başa vurublar.
Eyni zamanda, idmançılarımız Raman Salei və Vəli İsrafilov “Paris-2024” XVII Yay Paralimpiya Oyunlarına birbaşa lisenziya qazanıblar.