TAEKWONDO - AÇ 2016: MİLAD HƏRÇƏQANİ AVROPA ÇEMPİONU OLDU - YENİLƏNİR

ESTAFET/ Avropa çempionatının 3-cü günündə daha 6 taekvondoçumuz mübarizəyə qoşulub.

 

Qadınlar

 

62 kq: Yapraq Eriş ukraynalı Darya Yakovleva (10:5) və holland Joyce van Baareni (4:1) mübarizədən kənarlaşdıraraq 1/4 finala adlayıb. Lakin burada türk İrem Yaman səddi keçilməz olub - 0:8 və təmsilçimiz mübarizəni dayandırıb.

67 kq: Fəridə Əzizova Nadja Savkoviçi (Serbiya) keçməkdə çətinlik çəkməsədə, növbəti mərhələdə o da türk səddində ilişib - Nur Tatara minimal hesablı məğlubiyyət (0:1) olimpiyaçımızın qitə mükafatı arzusunu əngəlləyib.

 

Kişilər

 

74 kq: Bu çəkidə Səid Quliyev ilk görüşdən mübarizəni dayandırıb. Belə ki, italyan Klaudio Treviso ilə görüş heç-heçə başa çatsada hakimlər Səidin yolunu kəsiblər.

Eyni çəkidəki digər təmsilçimiz Namaz Heydərov ilk rəqibi norveçli Con Aspi gərgin mübarizənin sonunda keçməyi bacarsada (7:5), 1/8 finalda belçikalı Nikolas Kortenə 8:14 hesablı məğlubiyyətdən qaça bilməyib və mübarizəni dayandırıb.

 

80 kq: Ramin Əzizov ilk mərhələdə slovak David Sajkonu asanlıqla keçsədə (10:1) Böyük Britaniya təmsilçisi Muhammed Lutaloya məğlubiyyət Ramini də çempionatı mükafatsız tərk etməyə məcbur edib. 

 

Bu çəkidəki diğər təmsilçimiz, ilk mərhələdən azad olan olimpiyaçımız Milad Hərçəqani 1/8 final mərhələsindən başlayan bütün görüşlərində rəqiblərini demək olar ki, darmadağın edərək finala çıxıb. Ardıcıl olaraq, serb İvan Karajloviç (13:0), böyük britaniyalı Muhammed Lutalo (13:1) və polşalı Pyotr Pozinski (16:4) dayanq üzərinə çıxçağa peşman olublar. Finalda qardaş ölkə təmsilçisi Yunus Sarını da məğlub edən (5:0) Milad çempionluğunu rəsmiləşdirib. 

 

---------------------------

 

20.05.2016 /ESTAFET/ Bu gün Avropa çempionatının ikinci günü millimizin daha 4 üzvü mübarizəyə qatılıb. Kişilər arasında 63 kq çəki dərəcəsində Məhəmməd Məmmədov, 68 kq-da Ayxan Tağızadə, qadınlardan isə Patimat Abakarova və Gülhanım Yeşildal (hər iksis -53 kq) dayanq üzərinə çıxacaq.

 

Kişilər

 

63 kq-da mübarizə aparan Məhəmməd Məmmədov çempionata 1/16 final mərhələsində türk Orhan Gülər üzərindəki 9:3 hesablı qələbə ilə başlayıb. 1/8 final mərhələsində erməni Sergey Avanesov da Məhəmmədin qarşısında dura bilməyib - 3:0. 1/4 finalda isə Məhəmməd ispan Bonilla Gonzaleslə görüşdən minimal hesablı məğlubiyyətdən (0:1) qaça bilməyib.

 

68 kq çəki dərəcəsində mübarizə aparan I Avropa Oyunlarının qalibi Ayxan Tağızadə də ilk iki görüşlərini qələbə ilə başa vurmağı bacarıb - latış Denis Kulibiks (14:2) və yunan Konstantinis Çamalidis (6:2) dayanqı başıaşağı tərk ediblər. Lakin Ayxanın 1/4 finaldakı məğlubiyyəti daha üzücü olub. Belə ki, Ayxan bu mərhələdə erməni Sergey Vardazaryana 0:1 hesabı ilə məğlub olub!

 

Qadınlar

 

53 kq çəki dərəcəsindəki təmsilçilərimizdən biri -  Gülhanım Yeşildaş ilk görüşdəncə rus Tatyana Kudaşovaya 1:3 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.

 

Bu çəkidəki digər təmsilçimiz Patimat Abakarova isə yalnız finalda məğlub olaraq çempionatın gümüş medalını qazanıb. Qeyd edək ki, Patimat da Gülhanım kimi rus Tatyana Kudaşova ilə bacarmayıb. Patimatın keçirdiyi görüşlərin nəticələri:

 

1/16 Patimat Abakarova - İnese Tarvida (Latviya) 3:0

1/8 Patimat Abakarova - Dragana Giladoviç (Serbiya) 6:2

1/4 Patimat Abakarova - Despina Pilavaki (C.Kipr) 3:1

1/2 Patimat Abakarova - Floriane Liborio (Fransa) 4:2

Final Patimat Abakarova - Tatyana Kudaşova (Rusiya) 3:4

 

---------------------------

 

19.05.2016 / ESTAFET / Taekvondo üzrə Avropa çempionatına Montre şəhərində (İsveçrə) start verilib. Xəbər verdiyimiz kimi, Azərbaycan millisi çempionata böyük heyətlə qatılıb. Bu gün – yarışların ilk günündə mübarizəyə qoşulan 4 taekvondoçumuzun heç biri fəxri kürsüyə qalxa bilməyib.

 

54 kq çəki dərəcəsində qüvvəsini sınayan Məcid Sofiyev ilk görüşdə Böyük Britaniya təmsilçisi Hasan Heydara qalib gəlsə də, növbəti görüşdə rus Stanislav Denisova məğlub olub.

 

58 kq-dakı idmançımız Məhəmmədəli Quliyev ilk görüşdə erməni Haykaz Samvelyana ondan güclü olduğunu göstərək görüşü qələbə ilə tamamlayıb. Ancaq təəssüf ki, növbəti mərhələdə Məhəmmədəli Belçika idmançısı Salaheddin Bensalehə məğlub olaraq mübarizəni dayandırıb.

Digər iki taekvondoçumuz isə ilk görüşlərindən mübarizəni dayandırmalı olublar: 46 kq-da İlayda Çiftci Ukrayna, 54 kq-da digər təmsilçimiz İlham Əliyev isə Rusiya təmsilçilərinə məğlub olublar.