İsveçli Viktor Lindqren hamını qabaqlayaraq qızıl medal qazanıb

Bakıda atıcılıq üzrə 53-cü Dünya çempionatı davam edir. Bu gün kişilər arasında 10 metr məsafəyə pnevmatik tüfəngdən atəş açma yarışları keçirilib. İsveçli Viktor Lindqren hamını qabaqlayaraq qızıl medal qazanıb. 20 yaşlı atıcı 251.3 xal toplayıb.

Çin təmsilçisi Haoran Yanq gümüş medal qazanıb. O, liderdən 0,7 xal geri qalıb. Bürünc medal isə çexiyalı Frantisek Smetananın payına düşüb.

Komanda yarışında isə Çin qızıl medal qazanıb. Çexiya gümüş, Xorvatiya komandası isə bürünc medala sahib çıxıb.

Viktor Lindqren mükafatlandırma mərasimindən sonra yarış və qazandığı qızıl medalla bağlı təsüratlarını bölüşüb:

“Bu mənim Bakıya ikinci səfərimdir. İlk dəfə Dünya kubokunda iştirak etmişdim. Burada hər şey möhtəşəmdir. Həm təşkilatçılıq, həm də şəhər çox gözəldir. Medal qazandığıma hələ də inana bilmirəm. Çox möhtəşəm duyğudur. Ölkəmin gələn il Paris keçirilək Yay Olimpiya Oyunlarına vəsiqə qazanması da möhtəşəm oldu. Orada qızıl medal qazanmaq üçün qarşıdakı bir il boyunca səylə çalışmalıyıq”.

İlk oyunun nəticələrinə görə İsveç, Çin, Çexiya və Qazaxıstan idmançıları öz ölkələrinə “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya qazandırıblar.

Müəllif: Bəhruz MƏMMƏDOV