BOKS - DÇ 2016 (QADINLAR): ANNA VƏ YANA NÖVBƏTİ MƏRHƏLƏDƏ
ESTAFET/ Dünya çempionatının 3-cü günündə boksçularımızdan 3-ü, Əzizə Abbasova (48 kq), Anna Əlimərdanova (51 kq) və Yana Alekseyevna (60 kq) rinqə çıxacaq.
Başa çatan döyüşlərin nəticələrinə əsasən Anna Əlimərdanova (51 kq) amerikalı rəqibini məğlub edərək növbəti mərhələyə çıxdı. Annanın 23 mayda keçiriləcək 1/8 final mərhələsindəki rəqibi Böyük Britaniyalı Nicola Adams olacaq. Qeyd edək ki, Adams dünya reytinqində 5-ci sırada qərarlaşıb.
48 kq-da döyüşən Əzizə Abbasova isə çempionatı tərk edən 4-cü boksçumuz oldu. Əzizə Cənubi Koreya boksçusu Çoranq Bak ilə bacarmayıb - hər 3 hakim qələbəni rəqibə verib.
Artıq Olimpiya Oyunlarına lisenziya qazanmış boksçumuz Yana Alekseyevna (60 kq) Dünya çempionatında uğurlu start verib. O tacik rəqibi Mavzuna Çorievanı keçməkdə çətinlik çəkməyib - 3:0. Annanın 1/8 finaldakı rəqibi Yeni Zelandiya boksçusu Aleksis Pritçard olacaq.
----------------------
20.05.2016 /ESTAFET/ Bu gün mübarizəyə qoşulan hər iki boksçumuz ilk görüşdəncə Dünya çempionatı ilə vidalaşmalı olublar. 64 kq-da Ayzanat Hacıyeva, 75 kq-da isə Yelena Vistropova müvafiq olaraq ABŞ və Böyük Britaniya təmsilçiləri ilə bacarmayıblar. Hər iki görüşdə hakimlər tam üstünlüyü rəqiblərə veriblər - 0:3
----------------------
19.05.2016 /ESTAFET/ Bu gün Astanada (Qazaxstan) boks üzrə qadınlar arasında Dünya çempionatına komandamız uğursuz başladı. Belə ki, yarışın ilk günündə döyüşməli olan təmsilçimiz Alina Hacıyeva (81 kq) ilk görüşdə Qabon boksçusu Şimene Moulombaya 3:0 hesaı ilə məğlub olaraq mübarizəni erkən dayandırdı.
Sabah, çempionatın ikinci günündə boksçularımızdan 2-si rinqə çıxacaq:
64 kq: Ayzanat Hacıyeva - Jajaira Gonzaes (ABŞ)
75 kq: Yelena Vistropova - Savanna Marşal (B.Britaniya)
Xatırladaq ki, Azərbaycan Dünya çempionatında 9 boksçu ilə mübarizə aparır: Əzizə Abbasova (48 kq), Anna Əlimərdanova (51 kq), Məhsəti Həmzəyeva (57 kq), Yana Alekseyevna (60 kq), Ayzanat Hacıyeva (64 kq), Məryəm Cəbrayılova (69 kq), Yelena Vistropova (75 kq), Alina Hacıyeva (81 kq) və Aynur Rzayeva (+81 kq).