“Qəbələ” Bakı hazırlığını başa vurdu

ESTAFET/ Azərbaycan Premyer Liqasının 5-ci turunun “Zirə” ilə oyunundan (1:0) sonra qısa istirahətə buraxılan “Qəbələ” hazırlıq prosesinin Bakı mərhələsini başa vurub.

“Qırmızı-qaralar” üç gün Bakı Olimpiya Stadionunda məşq edib. 

Elmar Baxşıyevin baş məşqçisi olduğu komanda bu gün Qəbələyə yola düşüb. “Qırmızı-qaralar” millilərin oyunları ilə əlaqədar yaranan fasilədəki hazırlığını doğma stadionda davam etdirəcək.

“Qəbələ” sabah yoxlama görüşündə qüvvəsini sınayacaq. Qəbələ şəhər stadionundakı matçda “qırmızı-qaralar” “Araz-Naxçıvan”la üz-üzə gələcək. Oyun saat 17:00-da başlayacaq.

Qarşılaşmadan sonra məşqlərini öz arenasında gerçəkləşdirəcək “Qəbələ” 6-cı turun “Turan Tovuz”la səfər matçına Qəbələdən yollanacaq. 

Xatırladaq ki, sentyabrın 17-də Tovuz şəhər stadionunda keçiriləcək “Turan Tovuz” – “Qəbələ” oyunu saat 16:30-da başlayacaq.

Müəllif: Bəhruz MƏMMƏDOV