Batutçularımız Dünya Oyunlarının gümüş medalını qazandı
ESTAFET/ Polşanın Vroslav şəhərində Ümumdünya Oyunları çərçivəsinə baş tutan gimnastika yarışlarında batut və tamblinq üzrə millimizin üzvləri öz çıxışlarını artıq yekunlaşdırıblar.
İlk dəfə olaraq, bu qəbildən olan yarışlara qatılmalarına baxmayaraq, gimnastlarımız uğurlu çıxışları ilə yadda qalıb. Heyətimizin hesabına gümüş medalı məhz sinxron proqramda çıxış edən Veronika Zemlyanaya və Svetlana Makştarova cütlüyü yazdırmağa müvəffəq olub. Təsnifat mərhələsindən 5-ci yerlə finala keçən qızlarımız, ciddi rəqabət və gərgin mübarizənin hökm sürdüyü yekun mərhələdə daha qüsursuz çıxış nümayiş etdirərək, 46.250 xalla fəxri kürsünün ikinci pilləsinə yüksəliblər.
Oyunlarda daha bir debüt çıxış edən tamblinq üzrə yeganə təmsilçimiz Mixail Malkin olub. Final mərhələsinə adlamağı bacaran idmançımız yekunda 67.200 xalla 5-ci yerdə qərarlaşıb.