"Oyunçularımız birəbir mübarizələri uduzdu": Rəşad Sadıqov
ESTAFET/ "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Premyer Liqanın 8-ci turunun "Araz-Naxçıvan"la oyunundan sonra fikirlərini bölüşüb.
O, 1:0 hesabıyla qalib gəldikləri matçdan sonra bunları söyləyib:
"İlk növbədə rəqibi qələbə münasibətilə təbrik etmək istəyirəm. Azər Bağırov qısa müddət ərzində çox əzmkar, yaxşı komanda formalaşdırıb. Gələcək oyunlarda onlara uğurlar arzu edirəm. İlk hissə çox sönük keçdi. Rəqib pressinq edirdi, biz isə ondan çıxmağa çalışırdıq. Qapılar ağzında demək olar ki, hansısa təhlükəli epizod yaranmırdı. İkinci yarıya daha fəal başladıq, oyunumuzu daha da yaxşılaşdırdıq. 100 faizli qol epizodları olmasa da, uzaq məsafələrdən yaxşı zərbələrimiz var idi. Azca dəqiqlik çatmadı. Abdulla Rzayev hücuma qoşuldu və oyunçularımız birəbir mübarizələri uduzdu. Belə olan halda, uğurlu nəticədən söhbət gedə bilməz. Daha dəqiq və daha etibarlı oynamalıyıq.
Hücum xəttindəki problemlər bu günün problemi deyil. Mövsüm başlayandan bu problem açıq-aşkar hiss olunur. Hücumda keyfiyyətimiz çatmır. Hansısa futbolçunun oyunu öz üzərinə götürməsi də çatışmır. Səkkiz tur ərzində bir çox futbolçumuz nə qol vurub, nə məhsuldar ötürmə edib. Təbii ki, uğurlu nəticə əldə etmək istəyirsənsə, bunlar vacib məqamlardır. Belə olan halda, istər-istəməz uğurlu nəticədən danışmaq çox çətindir. Bu gün hücum xəttində passiv oynadıq. Təhlükəli vəziyyətlərimiz oldu, amma onlar daha çox standart vəziyyətlərdən idi. Oyunun özündən hansısa uğurlu hücum, təhlükəli vəziyyət haqda danışa bilmərik. Çoxsaylı yersiz top itkilərimiz oldu. Bu da sonda oyunun ümumi gedişatına təsir etdi.
Son oyunda bir xal qazanmışdıq. Yaxşı formada olan "Neftçi"yə qarşı qalib gəlmək həmişə çətindir. "Araz-Naxçıvan"la matçda qalib gəlmək istəyirdik. Ancaq rəqibimiz də evdə "Qəbələ" və "Neftçi"ni məğlub etmişdi. Çox uğurlu nəticələr əldə edirlər. "Səbail"ə uduzsalar da, qələbəyə daha yaxın idilər. Bilirdik ki, bu gün bizə qarşı yüksək motivasiya ilə oynayacaqlar. Oyun planı cızdıq, istəyirdik ki, uğurlu nəticə əldə edək. Amma rəqib daha uğurlu oldu və layiqli qələbə qazandı”.