"Qəbələ" İdman Klubu MMA döyüşçüləri ilə yeni müqavilə imzalayıb

"Qəbələ" İdman Klubu MMA döyüşçüləri Nəriman Abbasov, Vüqar Kərəmov və Tofiq Musayev ilə yeni müqavilə imzalayıb.

"Baku MMA Academy"də baş tutan mərasimdə klubun ümumi işləri üzrə koordinatoru Səbuhi Qarayev, Azərbaycan MMA və Qrapplinq Federasiyasının qarışıq döyüş növləri üzrə yığma komandasının baş məşqçisi Ruslan Əfəndiyev, idmançıları və qonaqlar iştirak ediblər.

S. Qarayev bildirib ki, artıq on birinci ildir "Qəbələ" futbol klubu həm də idman klubu kimi fəaliyyət göstərir: "Sevindirici haldır ki, hər gün Qəbələ şəhər stadionuna təxminən 250 futbolçu məşq üçün gəlir. 200-dən çox idmançı isə MMA, cüdo, boks, sərbəst və yunan-Roma güləşi üzrə ödənişsiz məşqlərə qoşulublar. Nəriman Abbasov artıq 10-cu ildir “Qəbələ”ni təmsil edir. Tofiq Musayev və Vüqar Kərəmov isə ailəmizə yeni qatılıblar. Müqavilə 1 illik imzalanıb. Bir ildən sonra tərəflərin heç bir etirazı olmasa, müddət uzadılacaq".

Ruslan Əfəndiyev isə Bakıda "Rizin" çərçivəsində keçiriləcək “Landmark 7” turnirinə ciddi hazırlığın getdiyi vurğulayıb: "İdmançılara uğurlar arzu edirəm. Çox çalışırıq, məqsədimiz isə bəllidir: rəqiblərə qalib gəlmək. Azarkeşlərin dəstəyini gözləyirəm. Ümidlərimiz böyükdür. Əlimizdən gələni əsirgəməyəcəyik".

Xatırladaq ki, noyabrın 4-də Milli Gimnastika Arenasında təşkil olunacaq “Landmark 7” turnirində Vüqar Kərəmov yaponiyalı Çihiro Suzuki, Tofiq Musayev “Gündoğar ölkə”nin digər təmsilçisi Toji Takeda, Nəriman Abbasov isə rusiyalı Ali Abdulxalikovla üz-üzə gələcək.

Müəllif: Bəhruz MƏMMƏDOV