Milli Gimnastika Arenasında beynəlxalq "Ocaq kuboku" turnirinə start verilib

Ölkəmizdə gimnastika növü üzrə daha bir beynəlxalq yarışa start verilib.

“Ocaq Sport” klubunun təşkilatçılığı ilə Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə 2-ci beynəlxalq “Ocaq kuboku” noyabrın 12-dək davam edəcək. Kubokda Azərbaycan gimnastları müxtəlif yaş kateqoriyaları üzrə 13 ölkənin təmsilçiləri ilə birgə mübarizə aparırlar.

Yarışda 44 klubdan 325 fərdi gimnast və 21 qrup komandası qüvvəsini sınayır.

2008-2017-ci il təvəllüdlü  gimnastlar həm fərdi, həm də qrup hərəkətləri proqramında ayrı-ayrı alətlər və çoxnövçülük üzrə mübarizə aparırlar.

Qeyd edək ki, 2013-cü ildən fəaliyyət göstərən “Ocaq Sport” Klubunun yaradılmasında məqsəd gimnastika növlərini inkişaf və təbliğ etdirmək, eləcə də yığma komandalar üçün yüksək səviyyəli idmançılar hazırlamaqdan ibarətdir. İdman ocağının yetirmələri indiyədək ölkəmizdə  gimnastikanın inkişafına öz uğurlu töhfələrini veriblər. Klubun idmançıları dəfələrlə yerli yarışlarda fərqlənərək yığma komandanın heyətində yer alıb, eləcə də müxtəlif beynəlxalq yarışlarda nailiyyətlər qazanıblar. Klubu tərəfindən hər il mütəmadi olaraq müxtəlif idman növləri üzrə yerli yarışlar təşkil edilir. Xatırladaq ki, ötən il ilk dəfə olaraq ölkəmizdə bədii gimnastika üzrə 1-ci beynəlxalq “Ocaq kuboku” təşkil edilmişdi.

Müəllif: Bəhruz MƏMMƏDOV