Türkiyədə futbol oyunları təxirə salındı

ESTAFET/ Türkiyə Futbol Federasiyası ölkədə bütün futbol oyunlarını təxirə salıb.

Federasiyanın rəsmi saytının xəbərinə görə, belə qərar qəbul edilməsinə səbəb ötən gecə Super Liqanın 15-ci turunun “Rizəspor”la oyunundan (1:1) sonra “Ankaragücü”nun prezidenti Faruk Kocanın görüşün baş hakimi Halil Umut Melerə yumruq vurması olub.

Türkiyə Futbol Federasiyasının yaydığı məlumatda bildirilir:

“Bu gün bu alçaq hücum təkcə Halil Umut Melerə qarşı həyata keçirilməyib. Bu qeyri-insani hücum bütün türk futboluna qarşı edilib. Hadisəni törədən şəxslər barəsində cinayət işi başlanıb.

Məsul klub, klub prezidenti, menecerləri və Halil Umut Melerə hücum edən bütün cinayətkarlar ən ağır şəkildə cəzalandırılacaq. Türkiyə Futbol Federasiyasının İdarə Heyətinin qərarı ilə bütün liqalarda oyunlar qeyri-müəyyən müddətə təxirə salınıb”.

Faruk Koca Halil Umut Melerə təpik vuran 2 nəfərlə birlikdə artıq ədliyyəyə aparılıb.

Müəllif: Orxan NOVRUZOV