AVROPA ÇEMPİONATINA YOLLANACAQ HEYƏT AÇIQLANDI
Basketbolun 3X3 növü üzrə Azərbaycan millisinin heyəti açıqlanıb. Yığmamızın yeni baş məşqçisi Samit Nuruzadə Avropa çempionatının seçmə mərhələsində güvənəcəyi “dördlüy”ü müəyyənləşdirib.
Gənc mütəxəssis Avropa Oyunları ilə müqayisədə 2 dəyişikliyə əl atıb. O, Hollandiyanın paytaxtı Amsterdamda baş tutacaq görüşlər üçün Amil Həmzəyev, Zaur Paşayev, Marşall Mozes və David Barbakadzeyə dəvət göndərib. Əvəzində Orxan Aydın (Hacıyeva) və Rolandas Əliyev bu dəfə komandamızın heyətində yer almayacaq.
Nuruzadə bu seçimini basketbolçuların hazırkı durumu ilə əlaqələndirib. O bildirib ki, əsas hədəfləri qrupu lider kimi başa vurmaqdı: “Avropa çempionatına iddialı yollanacağıq. Məqsədimiz ən yaxşı oyunumuzu nümayiş etdirməkdi. Fikrimcə, yarışda özümüzü yaxşı tərəfdən göstərə biləcəyik. Çempionat öncəsi yoxlama matçları da nəzərdə tutmuşuq. Bu məqsədlə Amsterdama yollanmamışdan öncə Türkiyəyə səfər edəcəyik. Bunda məqsəd basketbolçularımızın oyun təcrübəsini daha da artırmaq və ehtiyac yaranarsa, son anda səhvlərimiz üzərində işləməkdi”.
Qeyd edək ki, yığmamız iyulun 1-2-də keçiriləcək seçmə mərhələdə ev sahibləri, Serbiya, Türkiyə, Rusiya, Almaniya, İsveçrə, Slovakiya və Uels milliləri ilə oynayacaqlar. Final mərhələsinə ilk 4 pillədə qərarlaşacaq komandalar yüksələcək. Digər qrupun matçları isə Andorra və Fransada təşkil olunacaq.
Final mərhələsinin oyunları sentyabrın 2-4-də olacaq. Həlledici mərhələnin keçirilmə yeri hələ dəqiqləşməyib.
APASport