Naxçıvanda 87 karateçinin iştirakı ilə kəmər imtahanı keçirilib

Naxçıvanda yerləşən İlham Əliyev adına Olimpiya İdman Kompleksində 87 karateçinin iştirakı ilə kəmər imtahanı keçirilib. İdmançıların Kihon, kata və kumite qaydalarında bacarıqları qiymətləndirilərək müvafiq kəməri təsdiq edən diplomla təltif ediliblər.
İmtahan Azərbaycan Karate Federasiyasının (AKF) baş katibi Qabil Sayadov, məşqçilər Əhməd Əfəndi və Nəriman Quliyevdən təşkil olunmuş komissiya tərəfindən götürülüb.

AKF, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və "Qapıçıq" Karate-do İdman Klubunun birgə təşkilatçılığı ilə gerçəkləşən kəmər imtahanı idmançıların ustalıq səviyyəsinin yoxlanılması və yeni təcrübələrin aşılanmasına xidmət edib.

Əlavə edək ki, muxtar respublikada fəaliyyət göstərən məşqçilər məşqçi sertifikatı almaq üçün ayrıca imtahan veriblər.

Müəllif: Bəhruz MƏMMƏDOV