3x3 yığma komandamızın "Paris-2024" Olimpiya təsnifat qruplarındakı rəqibləri bəlli olub

Qadınlardan ibarət 3x3 yığma komandamızın "Paris-2024" Olimpiya təsnifat qruplarındakı rəqibləri müəyyənləşib
3x3 basketbol üzrə qadın millimizin “Paris-2024” Olimpiya oyunlarında iştirak etmək üçün 12-14 aprel tarixlərində baş tutacaq ilk təsnifat oyunlarında, qrupdakı rəqibləri bəlli olub.
8 komandanın iştirak etdiyi ilk təsnifat oyunlarında, yığmamız B qrupunda Niderland, Monqolustan və Çili komandaları ilə qarşılaşacaq. Honkonqda keçiriləcək qrup oyunlarında, qruplarda ilk iki pilləni tutmuş komandalar təsnifat mərhələsinin yarımfinalına vəsiqə qazanacaqlar. Daha sonra yarımfinallarda qalib olmuş komandalar finala, finalda qələbə qazanmış kollektiv isə Olimpiadaya vəsiqə qazanacaq. İkinci təsnifat oyunları isə 16-19 may tarixlərində Macarıstanın Debretsen şəhərində baş tutacaq. A qrupunda qərarlaşmış millimiz, Almaniya, Polşa və Tunis yığmaları ilə üz-üzə gələcək.
Qeyd edək ki, 16 komandanın iştirak etdiyi ikinci təsnifat mərhələsində, qruplarda ilk iki yeri tutmuş komandalar 1/4 finala vəsiqə qazanacaqlar. İlk təsnifat mərhələsindən fərqli, ikinci təsnifat mərhələsində təsnifat turnirini ilk 3 sırada tamamlamış yığmalar Olimpiadaya vəsiqə qazanacaqlar. Məlumat üçün bildirək ki, 8 komanda arasında keçiriləcək ilk təsnifat oyunlarında millimiz çempion olarsa, Olimpiadaya vəsiqəni təmin edəcək və artıq ikinci təsnifat oyunlarında iştirak etməyəcək.
