WORLD MASTERS: SƏFƏROV QIZILI, ŞIXƏLİZADƏ BÜRÜNCÜ ALDI
ESTAFET/ Xəbər verdiyimiz kimi Meksikanın Quadalaxara şəhərində World Judo Masters seriyasından növbəti mötəbər turnir start götürüb. Bu gün turnirə qatılan 7 cüdoçumuzdan 2-si tatami üzərinə çıxıb - 60 kq-da Orxan Səfərov, 66 kq-da Nicat Şıxəlizadə. Hər iki idmançımız turnirə inamlı başlayıb və hər ikisi medal uğrunda mübarizə aparır.
60 kq: Orxan Səfərov
İlk mərhələdən azad olan Orxan 4/1 final mərhələsində türk Bəkir Özlünü ippona salıb və yarımfinala çıxıb. Burada fransız Valid Khyar da yığmamızın liderlərindən birinin qarşısında aciz qalıb. Orxan qızıl uğrunda digər fransız Vincent Limare ilə gərgin keçən görüşü də qələbə ilə başa vuraraq Dünya cüdo ustaları turnirinin qalibi oldu.
66 kq: Nicat Şıxəlizadə
İlk mərhələdə italiyalı Fabio Basileni məğlub edən Nicat 4/1-də monqol Tumurkhuleg Davaadorjla görüşdən məğlub ayrılıb. Təsəlliverici görüşə qatılan jüdoçumuz burada yapon Tomofumi Takajonu məğlub edib. Portuqaliyalı Sergey Oleiniki də məğlub edən Nicat bürünc medala sahib oldu.