13-cü Dünya Oyunlarına evsahibliyi üçün ilk müraciət daxil olub

ESTAFET/ Almaniya Olimpiya İdmanı Konfederasiyası (DOSB) Karlsrue şəhərini 2029-cu ildə keçiriləcək 13-cü Dünya Oyunlarına ev sahibliyi etmək üçün namizəd kimi irəli sürüb.
DOSB ötən cümə Beynəlxalq Dünya Oyunları Assosiasiyasına (IWGA) göndərdiyi məktubda bu barədə məlumat yayıb. Bu ilin əvvəlində Almaniyanın iki şəhəri, Karlsrue və Hannover bu multi-idman tədbirinə ev sahibliyi etməkdə maraqlı olduqlarını bildirimişdilər.
Karlsrue Oyunlara evsahibliyi üçün müraciət edən ilk şəhərdir. Xatırladaq ki, şəhər 1989-cu ildə 3-cü Dünya Oyunların da evsahibliyi edib.
“Biz Karlsruenin müraciətindən çox məmnunuq və qarşıdakı həftələrdə onlarla sıx əməkdaşlıq edəcəyik. Hazırda əsas diqqətimiz Çinin Çenqdu şəhərində keçiriləcək 2025-ci il 12-ci Ümumdünya Oyunlarına yönəldilsə də, artıq növbəti yarışa böyük marağın olması çox müsbət əlamətdir. Bu, gələcəyi planlaşdırmağımızı asanlaşdırır” - deyə IWGA prezidenti Xose Perurena bildirib.
Qeyd edək ki, 2029-cu il Dünya Oyunlarına ev sahibliyi ilə bağlı qərar IWGA-nın İcraiyyə Komitəsi tərəfindən qəbul ediləcək və mayın əvvəlində İllik Ümumi Yığıncaq tərəfindən təsdiqlənəcək. 12-ci Dünya Oyunları 7-17 avqust 2025-ci il tarixlərində Çinin Çenqdu şəhərində keçiriləcək.
