Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirinə yekun vurulub

Mayın 9-da Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirinə yekun vurulub. Bakı Tennis Akademiyasında keçirilən bağlanış mərasimində əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Ardınca "Biləcəri" və "Mərdəkan" komandaları üçüncü yer uğrunda mübarizə aparıblar. Oyunun əsas vaxtı 4:4 hesabı ilə nəticələnib. Penalti zərbələrində daha dəqiq olan “Mərdəkan” futbolçuları turnirin bürünc medalına layiq görülüblər - 3:1.

Ardınca turnirin maraqlı anlarını əks etdirən videoçarx nümayiş olunub. Daha sonra futbolçular Emil Səfərov və Toral Bayramovun uşaqlar üçün imza sessiyası təşkil edilib.

Final görüşündən öncə incəsənət ustalarının ifasında musiqi proqramı təşkil olunub.

Gərgin mübarizə şəraitində keçən final qarşılaşmasında "Günəşli" komandası "Aşağı Güzdək" komandasını 7:0 hesabı ilə məğlub edərək turnirin qalibi olub.

Beləliklə, yarışın qalibi “Günəşli” komandası olub. İkinci və üçüncü yerlərə “Aşağı Güzdək” və “Mərdəkan” komandaları layiq görülüblər. “Biləcəri” komandası isə yarışı dördüncü pillədə başa vurub.

Turnirin ən yaxşı oyunçusu Heydər Mustafayev (“Yeni Günəşli”), bombardiri Emil Rəsulov (“Yeni Günəşli”), ən yaxşı qapıçısı isə Tahir Məmmədov (“Mərdəkan”) seçiliblər.

Final görüşünü gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva, AFFA-nın baş katibi Sərxan Hacıyev, Azərbaycan Tennis Federasiyasının vitse-prezidenti Mehman Qocayev, Bakı Abadlıq Xidmətinin nümayəndəsi Vüqar Müftizadə və digər şəxslər izləyiblər.

Mükafatlandırma mərasimindən sonra turnirdə iştirak edən bütün uşaqlara Bakı Abadlıq Xidməti tərəfindən velosipedlər hədiyyə edilib.

Qeyd edək ki, Gənclər və İdman Nazirliyi və Bakı Abadlıq Xidmətinin təşkilatçılığı, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının dəstəyi ilə keçirilən yarışlarda Bakının 32 kənd və qəsəbəsinin futbol komandası mübarizə aparıb.

Müəllif: Bəhruz MƏMMƏDOV