Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə Nyu-Yorkda şahmat turniri keçirilib
ABŞ-nin Nyu-York şəhərində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə şahmat turniri keçirilib.
Uzun illər Birləşmiş Ştatlarda fəaliyyət göstərən beynəlxalq dərəcəli şahmat ustası Elvin Bağır-Pourun rəhbəri olduğu "Chess Father" şirkətinin təşkilatçılığı və Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutan turnirin açılış mərasimində əvvəlcə Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsi yad edilib.
Sonra turnirin açılışında çıxış edən Elvin Bağır-Pour Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda şahmatın inkişafında əvəzsiz rolu haqqında danışıb. O bildirib ki, Ulu Öndər şahmatın inkişafını daim diqqət mərkəzində saxlayıb. Məhz Heydər Əliyevin təşəbbüsü ilə respublikada ilk dəfə şahmat məktəbləri inşa olunub, istedadlı şahmatçılara müxtəlif yarışlarda iştirak etmək üçün şərait yaradılıb.
Turnirdə 5-60 yaş arasında 70 idmançı iştirak edib. İsveçrə sistemi adlanan qaydaya əsasən idmançılar hər biri 15 dəqiqə olmaqla 6 görüşdə hakimlərin nəzarəti altında mübarizə aparıblar. Gərgin idman mübarizəsi şəraitində keçən yarışda dünyaca məşhur qrossmeysterlər Maksim Dluqi ve Mark Paraqua iştirak ediblər.
Sonda Mikola Bortnik 1-ci yer, Odafe Benedikt 2-ci yer, Uilyam Del Kastiliyo 3-cü yerə çıxıb. Qaliblər kubok və pul mükafatı ilə təltif olunub. Digər iştirakçılar isə sertifikatlar verilib.
Qeyd edək ki, şahmat turniri Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümündən başlayaraq artıq ikinci dəfədir keçirilir. Turnir ABŞ Şahmat Federasiyası tərəfindən qeydə alınıb.