"Azərbaycan Çövkən Yarışında Milli Cins Atlarla Yarışacaq" - Bəhruz Nəbiyev

Dekabr ayında Azərbaycanda çövkən idman növü üzrə “Prezident Kuboku” keçiriləcək. Bu barədə Azərbaycan Atçılıq Federasiyasının vitse-prezidenti Bəhruz Nəbiyev jurnalistlərə məlumat verib.

Bəhruz Nəbiyev bildirib ki, Peşəkar Çövkən Liqasından sonra bu yarış baş tutacaq. “Bütün çövkən yarışlarında yalnız DNA testindən keçirilmiş milli cins atlara yer veriləcək,” deyə o qeyd edib.

Nəbiyev, həmçinin, Paris-2024 Yay Olimpiya Oyunlarının atçılıq yarışında Azərbaycan çaparının olmayacağını təəssüflə vurğulayıb. “Dresaj üzrə artıq Azərbaycan komandası var. Komandanın iki üzvü Avropada təlim-məşq toplanışlarını davam etdirir. 2027-ci il bizim üçün vacib ildir. Xalların toplanması elan olunacaq və hər iki idman növü üzrə 2028-ci ildə Olimpiya oyunlarına lisenziya qazanılması üçün əlimizdən gələni edəcəyik,” deyə o bildirib.

Müəllif: Bəhruz MƏMMƏDOV