Peşəkar Çövkən Liqasında yeni mövsümə start verilib - VİDEO

11-12 mart 2025-ci il tarixlərində Binə Atçılıq Mərkəzində Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Peşəkar Çövkən Liqasında yeni mövsümün açılış mərasimi və ilk turun oyunları keçirilib.
Açılış mərasimində Azərbaycan Respublikası Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev, Gənclər və İdman naziri Fərid Qayıbov və Kənd Təsərrüfatı naziri Məcnun Məmmədov iştirak edib.
Dövlət Himninin səsləndirilməsi ilə başlayan açılış mərasimində Dövlət Sərhəd Xidmətinin nümunəvi orkestri, rəqs ansamblı və tanınmış sənətçilər musiqi və rəqs nümunələri ilə çıxış edərək tədbirə xüsusi rəng qatıb.
Yeni mövsümün ilk turunda Sərhədçi komandası Buta Golden üzərində 3:0 hesablı qələbə qazanıb. Günün ikinci qarşılaşmasında Polad və Elit komandaları qarşı-qarşıya gəlib, oyun qolsuz bərabərliklə (0:0) başa çatıb. Sonuncu qarşılaşmada isə Omar komandası liqaya yeni qatılan Xəzər komandası üzərində 5:1 hesabı ilə inamlı qələbə qazanıb.
Turun 12 mart tarixində keçirilən qarşılaşmasında Şirvan komandası Atilla komandasını 8:1 hesabı ilə məğlub edib.
Günün ikinci oyununda Embawood komandası Qarabağ komandası üzərində 7 xal fərqlə qələbə qazanıb, son görüşdə isə Zəfər komandası Ağstafa Dilbaz komandası ilə qarşılaşıb və 10 xal fərqlə üstün olub.
İdman həvəskarlarının nəzərinə çatdırırıq ki, Peşəkar Çövkən Liqasında növbəti turun oyunları 18-19 mart tarixlərində keçiriləcək və liqa 26 noyabr 2025-ci il tarixinə qədər davam edəcək.
