ŞƏHRİYAR GÜCÜNÜ SONDA GÖSTƏRDİ
ESTAFET/ Şəmkirdə mərhum qrossmeysterimiz Vüqar Həşimovun xatirəsinə həsr olunmuş, sayca 3-cü dəfə keçirilən "Shamkir Chess" superturniri başa çatıb. Bu gün keçirilən sonuncu - IX turda təmsilçilərimiz uğurla çıxış ediblər. Rauf Məmmədov və Eltac Səfərli qara fiqurlarla müvafiq olaraq, Hou Yifan (Çin) və Pentala Harikrişna üzərində qələbə qazanıblar. Teymur Rəcəbov isə qaralarla Pavel Elyanovla (Ukrayna) heç-heçəyə razılaşıb.
Ən böyük uğura isə ardıcıl 3 turda qələbə qazanaraq, son turadək turnir cədvəlinə liderlik edən Fabiano Karuano (İtaliya) ilə xallarını bərabərləşdirən Şəhriyar Məmmədyarov imza atıb. Bununla da reqlamentə uyğun olaraq, hər iki şahmatçı arasında turnirin qalibini müəyyənləşdirmək üçün əlavə oyunlar keçirilib. İlk iki sürətli partiya (10+3 nəzarət vaxtı ilə) sülhlə yekunlaşdığına görə, növbəti iki blits partiya (5+3) oynanılıb. Burada isə Şəhriyar 1.5-0.5 hesabı ilə qalib gələrək bu mötəbər turnirin qalibi adını qazanıb.
Xatırladaq ki, daha öncə keçirilən hər iki turnirin qalibi Dünya çempionu Maqnus Karlsen (Norveç) olmuşdu.