Neftçalada ilk dəfə gimnastika yarışı keçirildi

Aerobika gimnastikası üzrə idmançılarımız 8-ci ölkə çempionatında öz bacarıq və güclərini sınayıb, növün ən güclüləri müəyyənləşib. 21 iyun tarixində Neftçala Olimpiya İdman Kompleksində keçirilən çempionatda “Ocaq Sport” Klubu, “Grasiya” İK və Sumqayıt OİK-dən 31 gimnast iştirak edib. Bu yarışda gimnastlar yeniyetmələr (2010-2012-ci il), gənclər (2007-2009-cu il) və böyüklər (2006-cı il və daha böyüklər) yaş kateqoriyalarında mübarizə aparıblar. İdmançılar qarışıq cütlük, üçlük və qrup proqramlarında çıxışlar nümayiş etdiriblər. Qeyd edək ki, bu, Neftçala şəhərində keçirilən ilk gimnastika yarışıdır.

Milli yarışlar gimnastların inkişafında və gimnastikasevərlərin sayının artmasında böyük rol oynayır. Gimnastlar bu mübarizələr zamanı beynəlxalq arenalarda uğurlu çıxış üçün təcrübə toplayır, bir çox hallarda tamaşaçılar isə idmanın bu növünün gözəlliyi ilə tanış olaraq övladlarını gimnastikaya cəlb edirlər. Əsasını musiqi, rəqs və idmanın harmoniyasının təşkil etdiyi bu gimnastika növünün təmsilçilərinin əksəriyyəti qeyd edib ki, onları bu növə həm də musiqiyə olan sevgiləri cəlb edib. İdmançıların hərəkətləri ustalıqla icra etmələri və səhnədəki özünəinamları tamaşaçılarda unudulmaz təəssüratlar yaradıb. Gimnastların hər bir çıxışı nəinki hakimlər, həm də izləyicilər tərəfindən yüksək qiymətləndirilib və tamaşaçıların alqışları ilə müşayiət olunub. Neftçala sakinlərinin yarışla bağlı təəssüratları bir daha göstərir ki, belə tədbirlər idmanın bu növünün tanıdılmasında və yayılmasında mühüm rol oynayır.

Beləliklə, bu çempionatla milli yarışların yeni mövsümünə start verildi. Nəticələr haqqında ətraflı məlumatı saytımızdan əldə edə bilərsiniz.

Müəllif: Bəhruz MƏMMƏDOV