Ruzanna Məmmədova Avropa çempionatının finalında

ESTAFET/ Serbiyanın Novi Sad şəhərində güləş üzrə U-20 Avropa çempionatı davam edir.

Bu gün qadın güləşi üzrə millinin 4 üzvü mübarizəyə qoşulub.

Elvina Kərimzadə (50 kq) polşalı Yoanna Samsonoviçi (6:4) yarışdan kənarlaşdırsa da, 1/4 finalda isveçrəli Svenja Junqoya (tuş) məğlub olub. Kərimzadə sabah təsəlliverici görüşdə bolqarıstanlı Emine Osmanla qarşılaşacaq.

Nərgiz Səmədova (55 kq) hollandiyalı Olqa Zakrzevska (7:0) üzərində inamlı qələbə qazansa da, 1/4 finalda belaruslu Marta Hetmanavayla bacarmayıb – 0:10. Səmədova təsəlliverici görüşdə polşalı Nikola Vişnevska ilə üz-üzə gələcək.

Ruzanna Məmmədova (59 kq) almaniyalı Luna Rotenberger (12:2) və rumıniyalı Ana Mariya Puiuya (tuş) vaxtından əvvəl qalib gələrək yarımfinala yüksəlib. Yarımfinalda litvalı Anna Tielieginadan da güclü olan (9:5) Məmmədova adını finala yazdırıb. Ruzanna həlledici görüşdə rusiyalı Yelena Kurovayla güləşəcək.

Fatimə İsayeva (68 kq) ilk mərhələsində rusiyalı Alina Şevçenkoya müqavimət göstərə bilməyib – 0:11. İsayeva təsəlliverici görüşdə polşalı Karolina Domaşukla mübarizə aparacaq.

Müəllif: Natiq NƏSİROV