RİYAD ŞİRƏLİYEV YIĞMAYA İLK MEDALI QAZANDIRDI
ESTAFET/ Xəbər verdiyimiz kimi, Azərbaycanın yeniyetmələrdən ibarət taekvondo yığma komandası Misirin Şarm əl Şeyx şəhərində keçirilən 3-cü Dünya çempionatında iştirak edir.
9 idmançı ilə mundialda təmsil olunan komandamızın heyətində oğlanlarda Nihad Əlizadə (33 kq), Riyad Şirəliyev (37 kq), İsmayıl İsmayılov (41 kq), Yaşar Məmmədli (45 kq), Nihad Abbasov (49 kq) və Pərviz İskəndərov (53 kq), qızlarda isə Aydan Əliyeva (44 kq), Aylin Eynullayeva (47 kq) və İlahə Quluzadə (59 kq) yer alıb.
Yarışların ilk günündə təmsilçilərimizdən heç biri dayanq üzərinə çıxmayıb. İkinci yarış günündə isə 4 taekvondoçumuz mübarizəyə qoşulub. Nihad Əlizadə (33 kq) koreyalı, Aylin Eynullayeva (47 kq) isə iordaniyalı rəqiblərinə uduzaraq mübarizəni erkən bitiriblər. Pərviz İsgəndərov Mərakeşdən olan rəqibinə qalib gəlsədə, növbəti mərhələdə türk idmançısına məğlub olaraq mübarizəni dayandırıb.
Komandamızın aktivinə ilk və hələki yeganə medalı 37 kq çəki dərəcəsində döyüşən, "Fərasət" Taekvondo Klubunun yetirməsi Riyad Şirəliyev qazandırıb. 1/16 final mərhələsindən azad olan Riyad 1/8 finalda filippinli rəqibini məğlub edib. 1/4 finalda isə Çin Taypeyindən (Tayvan) olan taekvondoçudan üstün olan təmsilçimiz yarımfinala çıxıb və ən azı bürünc medalı təmin edib. Yarımfinalda Misir idmançısına məğlub olan Riyad yığmamıza bürünc medal qazandırıb.