Şahmatçı tələbələrə mükafatlar təqdim olunub
ESTAFET/ Azərbaycan İdman Akademiyasının tələbələri Elmar Atakişiyev və Vüqar Manafov V Avropa Universitet Oyunlarında şahmatın komanda rapid növündə qızıl, blits növündə isə gümüş medal qazanaraq uğura imza atıblar.
Bu münasibətlə 23 iyul tarixində Akademiyada xüsusi mükafatlandırma mərasimi təşkil olunub. Mərasimdə Azərbaycan İdman Akademiyasının III kurs tələbələri Elmar Atakişiyev və Vüqar Manafova qazandıqları medallar və diplomlar təqdim edilib.
Tədbirdə Akademiyanın Elmi işlər, beynəlxalq əlaqələr və keyfiyyət siyasəti üzrə prorektoru Ülkər Babayeva, İdman işləri üzrə prorektoru Fərid Mansurov, elmi katib Bəxtiyar Rüstəmov və kafedra müdiri İlqar Əliyev iştirak ediblər.
Prorektor Ülkər Babayeva bu uğurların Akademiyanın təhsilə və idmana verdiyi dəyərin göstəricisi olduğunu vurğulayaraq, tələbələri və onların məşqçilərini təbrik edib. Tədbirdə çıxış edən Olimpiya çempionu, prorektor Fərid Mansurov isə tələbələrin uğurlarını Azərbaycan İdman Akademiyasının idman sahəsindəki üstünlüyünü bir daha təsdiqlədiyini qeyd edib.
Qeyd edək ki, bu il V Avropa Universitet Oyunlarında Azərbaycan İdman Akademiyasının tələbələri futzal, şahmat, tennis, badminton və karate idman növlərində mübarizə aparıb.