AZƏRBAYCAN İDMANI ADINA BİABIRÇILIQ
ESTAFET/ Ağır ateltika yığmamız tarixinin biabırçılığı ilə üzləşib. Belə ki, dopinqdən istifadəyə görə (ötən ilin noyabr ayında ABŞ-da keçirilən dünya çempionatının yekunlarına əsasən) komandamızın bütün liderləri ağır cəzaya məruz qalıblar. Elxan Əliquluzadə, Firudin Quliyev, Valentin Xristov, İntiqam Zairov və Silviya Angelova 8 il, Dadaş Dadaşbəyli isə 4 il müddətinə diskvalifikasiya olunublar. Buna səbəb idmançıların qanından götürülmüş B testinin də müsbət nəticələnməsidir. Bunadək isə, keçən ilin dekabrında götürülmüş A testi də eyni nəticəni vermişdi.
Eyni zamanda, son dünya çempionatında rekordlarla çempion adını qazanan Boyanka Kostovanın da dopinq testdə ilişdiyi məlum olub. Böyük ehtimalla onu da 4 illik cəza gözləyir və Olimpiya arzusu xəyal olaraq qalacaq.
Xatırladaq ki, hələ yenicə yığmamız dopinq qalmaqalına görə bütün beynəlxalq yarışlardan kənarlaşdırılmışdı və yarım milyon dollar cərimələnmişdi. Bu məbləğ ödəndikdən sonra komandamıza yarışlarda iştiraka icazə verilmişdi. Görünən odur ki, beynəlxalq federasiya büdcəsini doldurmaq üçün yeni xam maliyyə mənbəyi tapıb (bəzi xarici federasiya və idmançılar kimi).