“Mingəçevir Reqatası-2024”də Azərbaycan komandası bütün növlərdə ən yaxşı nəticə göstərdi
Gənclər və İdman Nazirliyi (GİN) ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) birgə təşkilatçılığı ilə Füzuli və Mingəçevirdə keçirilən “Mingəçevir Reqatası-2024” beynəlxalq turnirinə yekun vurulub. Yarışların üçüncü günündə də komandamız uğurlu nəticələrlə yadda qalıb. Avarçəkənlərimiz 3 qızıl, 6 gümüş, 4 bürünc olmaqla ümumilikdə 13 medal qazanıb.
2 nəfərlik akademik avarçəkmə qayığında 1500 metr məsafəyə 2008-2009-cu il təvəllüdlü idmançılar arasında Azər İlyasov-Tunar Məmmədzadə dueti qızıl medala layiq görülüb. Eyni növdə 2006-2007-ci il təvəllüdlü idmançıların mübarizəsində Nurlan Paşayev-Cahangir Məmmədli finişə hamıdan tez çatıb. İki nəfərlik kayak qayığında 200 metr məsafəyə 2008-2009-cu il təvəllüdlü idmançılar arasında Qiyas Əhmədovla Sübhan Həsənov bütün rəqiblərini geridə qoyub.
Bir nəfərlik kayak qayığında 1000 metr məsafəyə 2006-2007-ci il təvəllüdlü idmançılar arasında Amil Ramazanov gümüş medal qazanıb. İki nəfərlik kayak qayığında 1000 metr məsafəyə 2008-2009-cu il təvəllüdlü idmançıların mübarizəsində Niyaz Məlikov-Emil Zeynalov cütü ikinci yerə layiq görülüb. İki nəfərlik kayak qayığında 200 metr məsafədə 2008-2009-cu il təvəllüdlü idmançılar arasında İvan Vorobjanski-Hüseyn Həsənov və Vacib Babayev-Şahin İsayev duetləri finişi xəttini eyni vaxtda ikinci yerdə keçib. Hər iki qayıqda idmançılar gümüş medal əldə edib. 2010-2011-ci il təvəllüdlü idmançıların iki nəfərlik akademik avarçəkmə növündə 1000 metr məsafəyə yürüşlərində Məhəmməd Həsənov-Raul Şamilov fəxri kürsünün ikinci pilləsinə qalxıb. Akademik avarçəkmədə daha bir gümüş medalı Sabit Abdullayevlə Fikrət Həsənov qazanıb. Onlar 2006-2007-ci il təvəllüdlü idmançıların 1500 metr məsafədə mübarizəsində bu uğura imza atıb.
İki nəfərlik kayak qayığında 1000 metr məsafədə 2008-2009-cu il təvəllüdlü idmançıların final yarışında Qiyas Əhmədovla Sübhan Həsənov üçüncü yer tutub. İki nəfərlik kayak qayığında 200 metr məsafəyə 2010-2011-ci il təvəllüdlü idmançılar arasında İbrahim Məmmədzadə-Elmir Tarverdiyev bürünc medala sahib olub. 2010-2011-cu il təvəllüdlü idmançıların iki nəfərlik akademik avarçəkmə qayığında 1000 metr məsafədə mübarizəsində Yusif Əliyev-Ruslan Fərəcov bürünc medal qazanıb. İki nəfərlik akademik avarçəkmə qayığında 2006-2007-ci il təvəllüdlü idmançılar arasında 1500 metr məsafədə Məhəmməd Niftullayev-Nemət Həsənov cütlüyü yarışı 3-cü pillədə tamamlayıb.
Yekun nəticələrə əsasən 6 qızıl, 9 gümüş, 9 bürünc medalla Azərbaycan komandası həm akademik, həm də kayak və kanoe növlərində ən yaxşı nəticə göstərməklə ümumkomanda hesabında 1-ci olub və kubokla təltif edilib.