İdman təhsili və sağlamlıq təlimi: Fuad Hacıyev Rusiya konfransında çıxış etdi
Azərbaycan İdman Akademiyasının rektoru Fuad Hacıyev Rusiya Federasiyasında Elm və Texnologiyalar Onilliyi çərçivəsində və Tatarıstan Respublikasında Elmi-Texnoloji İnkişaf İlinə həsr olunmuş konfransda iştirak edib.
Gimnastika, idman rəqsi və fitnes sahələrində idman və sağlamlıq təliminin mövcud vəziyyəti, problemləri və təkmilləşdirilməsi yolları mövzusunda olan konfransda Azərbaycan İdman Akademiyasının rektoru Fuad Hacıyev və Povolji Dövlət Fiziki Tərbiyə, İdman və Turizm Universitetinin nümayəndələri arasında əməkdaşlıq perspektivlərinin müzakirəsi baş tutub. Konfrans çərçivəsində həmçinin hər iki ali təhsil ocağı arasında elmi-praktik əlaqələrin gücləndirilməsi və idman təliminin inkişafı mövzusunda fikir mübadiləsi aparılıb.
Konfransda çıxış edən Azərbaycan İdman Akademiyasının rektoru Fuad Hacıyev iki ali təhsil müəssisəsi arasında bu ilin aprelində imzalanmış memorandum və məşqçilik ixtisası üzrə bakalavr səviyyəsində birgə təhsil proqramının idman təhsili sahəsində yeni imkanlar yaratdığını vurğulayıb. Fuad Hacıyev onu da qeyd edib ki, bu əməkdaşlıq Azərbaycan gənclərinin peşəkar idman təhsili sahəsində beynəlxalq təcrübə qazanmasına və sağlam həyat tərzinin təbliğinə mühüm töhfə verəcək.
Povolji Dövlət Universitetinin rektoru Rafis Tımərxanoviç çıxışında qeyd edib ki, iki ali təhsil müəssisəsi arasında əməkdaşlıq hər iki ölkədə idmanın inkişafına və yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasına xidmət edəcək.
Konfras çərçivəsində Azərbaycan İdman Akademiyası və Povolji Dövlət Universiteti arasında birgə layihələrin davam etdirilməsi və idman sahəsində elmi-praktik əlaqələrin daha da genişləndirilməsinin nəzərdə tutulduğu vurğulanıb.