Bakıda IV “Qələbə qaçışı” təşkil ediləcək!

Noyabrın 3-də Gənclər və İdman Nazirliyi Azərbaycanın Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərin 4-cü ildönümünə həsr olunmuş “Qələbə qaçışı” adlı növbəti xeyriyyə qaçışı təşkil edəcək. Xatırladaq ki, “Qələbə qaçışı” 2021-ci ildən ənənəvi olaraq hər il keçirilir.

“Qürurla irəli” şüarı ilə keçirilən qaçışa qoşulmaq istəyənlər qeydiyyat zamanı, xeyriyyə məqsədilə minimum 20 manat iştirak haqqı ödəməlidirlər. Qaçışdan toplanan vəsait “YAŞAT” Fonduna köçürüləcək.

“Qələbə qaçışı”nın iştirakçıları Dənizkənarı Milli Parkda, “Yeddi gözəl” fəvvarəsinin yanından start götürəcəklər. Qaçış 10 km məsafəni əhatə edəcək və finişə ilk çatan iştirakçılar qalib elan edilərək mükafatlandırılacaqlar.

Qaçış çərçivəsində maraqlı və əyləncəli tədbirlər də təşkil ediləcək. Finişə çatmış bütün iştirakçılara medal təqdim ediləcək. Həmin şəxslər yarışın rəsmi saytına daxil olaraq öz iştirakçı sertifikatını da yükləyə biləcəklər.

Qaçışda iştirak üçün 18 yaşdan yuxarı şəxslər https://events.smartscoring.com/marathon linki vasitəsilə 1 noyabr saat 12:00-dək qeydiyyatdan keçə bilərlər. Yerlər məhdud olduğu üçün, iştirakçıların sayı müəyyən edilmiş limitə çatdıqda qeydiyyat avtomatik olaraq bitəcək.

Müraciəti qəbul edilmiş hər kəsin e-mailinə təsdiq məktubu və iştirakçı bələdçisi göndəriləcək. Qeydiyyatdan keçmiş iştirakçılar oktyabrın 22-dən noyabrın 1-dək, hər gün saat 10:00-dan 18:00-dək “Gənclik Mall”da şəxsiyyət vəsiqəsi və ödənişi təsdiqləyən e-maili təqdim etməklə iştirakçı nömrəsini ala biləcəklər.

Ətraflı məlumat üçün və ya qeydiyyat zamanı yarana biləcək hər hansı bir sualla bağlı info@smartscoring.com e-mailinə yaza və ya hər gün saat 09:00-dan 18:00-dək (012) 404-13-93 nömrəsinə zəng edə bilərsiniz.

Müəllif: Bəhruz MƏMMƏDOV