Azərbaycanın 4 boksçusu dünya birinciliyində 1/4 finala yüksəlib
Monteneqronun Budva şəhərində gənc boksçular arasında dünya birinciliyində 1/8 final mərhələsinə start verilib. Bu mərhələdə rinqə çıxan Azərbaycan millisinin 4 boksçusu çıxışını qələbə ilə yekunlaşdırıb.
Bilalhəbaşi Nəzərov (48 kq) Jair Bonillanı (Ekvador) sınağa çəkib. Yığma üzvü hər 3 raundu aktivinə yazaraq, rəqibini 5:0 (30:26, 30:26, 30:26, 30:26, 30:26) hesabı ilə məğlub edib. O, növbəti görüşündə Angel Sober Ruislə (Kuba) döyüşəcək.
Zidan Hümbətov (51 kq) da mübarizəni 1/4 finalda davam etdirəcək. Boksçumuz Mateuş Şoçarja (Polşa) 5:0 (30:27, 30:26, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gəlib. Hümbətovun növbəti rəqibi Meroj Sufijonov (Tacikistan) olacaq.
Ömər Aslanlı (54 kq) qazaxıstanlı Bayirjan Muratova gücünü göstərib. O, 4:1 (28*:28, 29:27, 27:29, 29:27, 28*:28) hesabı ilə qələbə qazanıb. Boksçumuz 1/4 finalda Sobirjon Tastanovu (Özbəkistan) sınağa çəkəcək.
Əli Abdullayev (63,5 kq) ardıcıl 3-cü görüşünü də aktivinə yazıb. O, 1/8 finalda Ruslan Qafurovu (Tacikistan) mübarizədən kənarlaşdırıb – 5:0 (29:28, 29:27, 29:28, 29:28, 29:28). Abdullayev növbəti döyüşündə Emmanouil Fotiadislə (Yunanıstan) üz-üzə gələcək.
Qeyd edək ki, millimizin daha 3 boksçusu 1/8 final görüşünə çıxacaq.