Fuad Həsənov iki medalla fəxri kürsüdə, Tehran Məmmədovdan gümüş medal!

24 oktyabr - 4 noyabr tarixlərində Polşanın Raşin şəhərində keçirilən ağırlıqqaldırma üzrə gənclər və 23 yaşadək atletlər arasında Avropa birinciliyi davam edir. Yarışda Azərbaycan yığma komandasının üzvləri də çıxış edirlər. Bu gün onlardan daha ikisi – Fuad Həsənov və Tehran Məmmədov körpücük üzərinə çıxıb və uğur qazanıb. Onlar yaşı 23-ə qədər atletlərin mübarizəsində 67 kq çəki dərəcəsində yarışıblar.

Tehran Məmmədov birdən qaldırma hərəkətində 133 kq-ı ram edərək bu hərəkətdə Avropa birinciliyinin gümüş medalına sahib çıxıb.

Atletimiz təkanla qaldırma hərəkətində hər 3 yanaşmasını uğursuz icra edib və nəticə qazana bilməyib.

Fuad Həsənov isə birdən qaldırma hərəkətində 131 kq-ı başı üzərinə qaldıraraq 4-cü olub.

Atletimiz təkanla qaldırma hərəkətində daha yaxşı çıxış edib. O, 156 kq-ı qaldıraraq bu hərəkətdə Avropa birinciliyinin bürünc medalçısı olub.

Fuad toplam 287 kq (131+156) nəticə ilə yekun sıralamada bürünc medal qazanmağı bacarıb.

Müəllif: Bəhruz MƏMMƏDOV