SƏRBƏST GÜLƏŞÇİLƏR 3 MEDALLA BAŞLADILAR

ESTAFET/  Rumıniyanın paytaxtında gənc güləşçilərin Avropa Çempionatı davam edir. Bu gün mübarizəyə sərbəst üsulla güləşənlər başlayıb. İlk olaraq 50, 60, 74 və 96 kq çəki dərəcəsində güləşənlər döşək üzərinə çıxıb. Azərbaycanı müvafiq olaraq, Əliabbas Rzazadə, Əli Rəhimzadə, Murad Süleymanov və Məhəmmədrəsul Qazıməhəmmədov təmsil edirdi. 


50 kq: Əliabbas Rzazadə. Bürünc medal

İlk görüşündə sonradan çempionatın qalibi olacaq rus Okorokova gərgin keçən mübarizə sonucunda 5-6 hesabı ilə məğlub olan Əliabbas, sonradan ardıcıl olaraq Türkiyə və Gürcüstan təmsilçilərinə qalib gələrək çempionatı bürünc medalla başa vurdu. 


60 kq: Əli Rəhimzadə. 

Əli ilk qarşılaşmada erməni güləşçi Tadevosyana qalib gəlsədə, ikinci görüşündə türk Selim Kozana 6-4 hesabı ilə məğlub oldu.Türk güləşçinin finala çıxması güləşçimizə bürünc medal uğrunda mübarizəyə qoşulmaq imkanı yaradıb. Lakin güləşçimiz ukraynalı Yaroslav Qurskinin müqavimətini qira bilməyib - 4:5 və çempionatı medalsız başa vurub. 


74 kq: Murad Süleymanov. Qızıl medal

Bu çəkidəki pəhləvanımız ardıcıl olaraq Yunanıstan (10-0), Gürcüstan (16-10), Polşa (7-3) və Litva (10-0) təmsilçiləri üzərində gözəl qələbələrlə adını finala yazdırıb. Finalda isə Rusiya təmsilçi Zaurbek Sidakov Muradın 9-4 hesablı qələbəsinə əngəl ola bilməyib və bu növdə komandamızın aktivinə ilk qızıl medal yazılıb. 


96 kq: Məhəmmədrəsul Qazıməhəmmədov. Bürünc medal

Təmsilçimiz Moldova (5-3) və Belarus (9-3) təmsilçiləri üzərində qazandığı qələbələrlə yarımfinala adlayıb. Yarımfinalda gürcü Givi Matçaraşviliyə 2-5 hesabı ilə məğlub olan Məhəmmədrəsul 3-cülük görüşünə çıxmaq məcburiyyətində qalıb. Burada Almaniya təmsilçisi İlya Matyuxinə 8-2 hesabı ilə qalib gələn güləşçimiz komandamıza daha bir bürünc medal qazandırıb.