“Heydər Əliyev Kuboku”nda əsas məqsəd dağ xizəyinin inkişafıdır - Kənan Quluzadə

Bu fikirləri Qış İdman Növləri Federasiyasının nümayəndəsi Kənan Quluzadə, Heydər Əliyev Kubokunun açılışı ilə bağlı jurnalistlərə açıqlamasında səsləndirib. O, Azərbaycanın qış idman növlərindəki inkişafı və gələcək hədəfləri barədə məlumat verib.
Kənan Quluzadə qeyd edib: “Bu turnirin təşkilində əsas hədəfimiz Azərbaycanda dağ xizəyinin inkişafı, dayanıqlılığının təmin edilməsidir. Bu idman növünün kütləviləşməsi və daha geniş təbəqələrə yayılması bizə böyük əhəmiyyət kəsb edir.”
Federasiyanın əsas strategiyası haqqında danışan Quluzadə bildirib ki, yerli idmançılardan ibarət yığmanın formalaşdırılması istiqamətində mühüm addımlar atılıb: "Legionerlərin sayının azaldılması və yerli xizəkçilərin bu idman növündə önə çıxması vacibdir. Bu istiqamətdə görülən işlər artıq öz nəticəsini verir. Məsələn, Şahdağda keçirilən Dünya Kubokunda ölkəmizi yalnız yerli xizəkçilər təmsil etdilər. Həmin idmançılarımızın hər biri böyük potensiala malikdirlər. Həvəskarlar arasında bu turnirdə iştirak edən azərbaycanlı idmançılardan da milli komandaya cəlb edilənlər olacaq.”
Kənan Quluzadə əlavə edib ki, gələcəkdə Beynəlxalq Dağ Xizəyi Federasiyası ilə əməkdaşlığı genişləndirmək və daha çox yerli və beynəlxalq yarışlar keçirmək planlaşdırılır.
Qeyd edək ki, Heydər Əliyev Kubokunda müxtəlif yaş kateqoriyalarında 50 uşaq birincilik uğrunda mübarizə aparır. Bu turnir, Azərbaycanın qış idman növləri sahəsindəki inkişafını və gənc idmançıların beynəlxalq səviyyədə tanınmasını təmin etmək məqsədini güdür.
