YENİYETMƏ ŞAHMATÇILAR QİTƏ ÇEMPİONATINDA 5 MEDAL QAZANDILAR
ESTAFET/ 4-15 sentyabr tarixlərində Rumıniyada 8, 10, 12, 14, 18 yaşı yeniyetmə və gənclər arasında şahmat üzrə Avropa çempionatı keçirilib. Azərbaycan çempionatda 14 qız və 14 oğlan şahmatçıdan ibarət heyətlə bütün yaş qruplarında təmsil olunub. Oğlanlarda İsmayıl Süleymanlı, Cahandar Azadəliyev, Ziya Məmmədov (U08), Riad Səmədov, Əli Süleymanov, Fərid Orucov (U10), Aydın Süleymanlı, Xəzər Babazadə, Azad Abbasov (U12), Vüqar Manafov, Sadiq Məmmədov (U14), Andrey Mustafin, Babək Cəfərli (U16), Kənan Qarayev (U18), qızlarda isə Suada Abaszadə, Zərifə Abbasova (U08), Səmra Qasımova, Leyla Budaqova (U10), Ayan Allahverdiyeva, Cəmilə Paşayeva, Jalə Kərimli, Məhluqə Zülfüqarlı (U12), Gövhər Beydullayeva, Ləman Hacıyeva, Səbinə Rzalı (U14), Aytac Heydərova, Sevil Tahirova (U16), Xanım Balavayeva (U18) qitə birinciliyinin mükafatları uğrunda zəkalarını nümayiş etdiriblər.
Yeniyetmə şahmatçılarımız uğurlu çıxış sayəsində 2-si qızıl, 2-si gümüş və 1-i bürünc olmaqla, komandamıza ümumilikdə 5 medal qazandırıblar.
Komandanın aktivinə qızıl medalları 12 yaşlı oğlanların mübarizəsində Aydın Süleymanlı və 14 yaşlı qızlarda Gövhər Beydullayeva yazdırıblar.
Gümüş medalları 10 yaşlı şahmatçılarımız qazanıblar. Belə ki, bu yaş qrupunda oğlanlarda Riad Səmədov, qızlarda isə Səmra Qasımova qitə ikincisi olublar.
12 yaşlı qızların mübarizəsindəki təmsilçimiz Ayan Allahverdiyeva qitə 3-cü olmaqla komandamıza bürünc medal qazandırıb.
18 yaşlı qızlarda Xanım Balacayeva Polşa və İspaniya şahmatçıları ilə bərabər - 6,5 xal toplasada yalnız əlavə əmsallara görə medalsız qalıb.