Azərbaycan boksçuları Bolqarıstanda 1/4 finala yüksəliblər

ESTAFET/ Azərbaycan boksçuları Bolqarıstanın paytaxtı Sofiyada keçirilən beynəlxalq “Strandja” turnirində 1/4 finala yüksəliblər.

Mirşərif Kazımzadə (75 kq) irlandiyalı Qavin Rafferti ilə döyüşüb.

Görüş boksçumuzun 5:0 (30:27, 29:28, 29:28, 30:27, 29:27) hesablı qələbəsi ilə başa çatıb. M.Kazımzadə 1/4 finalda Cavohir Ummataliyevlə (Özbəkistan) üz-üzə gələcək.

Sərxan Əliyev (71 kq) 1/8 finalda Əsgərxan Madiyevlə (Gürcüstan) qarşılaşmalı olsa da, rəqib döyüşə çıxmayıb. Boksçumuz ikinci döyüşündə Farux Toxtassunovu (Qazaxıstan) sınağa çəkəcək.

Qeyd edək ki, turnirə martın 2-də yekun vurulacaq.

Müəllif: Natiq NƏSİROV