Azərbaycan Karate Federasiyası WKF-ə rəsmi üzv qəbul edildi

Azərbaycan Karate Federasiyası (AKF) Dünya Karate Federasiyasına (WKF) rəsmi üzv qəbul edilib.
Bu barədə AKF-nin mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, əvvəllər ölkəmizdə 20-ə yaxın üslub üzrə karate federasiyaları mövcud idi. Lakin son illər Gənclər və İdman Nazirliyinin apardığı idman siyasəti və "Bədən tərbiyəsi və idman haqqında" Azərbaycan Respublikasının Qanunun müvafiq müddəalarına əsasən, "Azərbaycan Respublikasının ərazisində bir idman növü üzrə yalnız bir ictimai birlik respublika idman federasiyası qismində akkreditasiya oluna bilər". Göründüyü kimi bu qanunun tələblərinə uyğun olaraq karate idman növü üzrə Azərbaycanda akkreditasiyadan keçmiş yeganə federasiya Azərbaycan Karate Federasiyasıdır.
Azərbaycan Karate Federasiyası (AKF) prezidenti Ülvi Quliyevin rəhbərliyi altında ölkəmizdə müxtəlif karate üslublarının vahid sistem altında birləşdirilməsi, karate idman növünün inkişafı və beynəlxalq əlaqələrin möhkəmləndirilməsi istiqamətində atılmış mühüm addımlar, bu idman növünün inkişafına mühüm töhfələr və dəstək verməkdədir.
Məhz bu islahatların bariz nümunəsi olaraq, AKF yeni tərkibdə formalaşmış və Dünya Karate Federasiyasına üzv qəbul edilmişdir.
