Bakıda Kapoeyra Festivalı keçiriləcək - 300-ə yaxın idmançı iştirak edəcək

Azərbaycan Kapoeyra Federasiyasının təşkilatçılığı, Gənclər və İdman Nazirliyi, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Braziliyanın Azərbaycandakı Səfirliyinin dəstəyi ilə Kapoeyra Festivalı keçiriləcək.
Festival çərçivəsində solo yarışmalar və kəmər dərəcəsi imtahanları təşkil olunacaq. Tədbirə ölkə üzrə müxtəlif yaş qruplarından 300-ə yaxın idmançının qatılması və onların yeni kəmər dərəcələrinə layiq görülməsi nəzərdə tutulur.
Tədbirin beynəlxalq xarakter daşıması məqsədilə xarici ölkələrdən xüsusi qonaqlar da festivalda iştirak edəcək.
Onlar arasında:
- Braziliyadan – Mestre Petti
- Türkiyədən – Professor Galago
- Maltadan – Graduado Sagui
kimi tanınmış kapoeyra ustaları yer alır.
Festival ölkəmizdə kapoeyranın təbliği və inkişafı baxımından mühüm idman və mədəniyyət hadisəsi kimi qiymətləndirilir.
