UEFA AVROPA LİQASININ FİNALI BAKIDA
ESTAFET/ Xəbər verdiyimiz kimi, bu il fevralın 2-də Azərbaycan Futbol Federasiyaları Assosiasiyası 2019-cu ildə keçiriləcək UEFA Çempionlar Liqası və UEFA Avropa Liqası turnirlərinin final oyununun təşkili ilə bağlı Bakı Olimpiya Stadionunun namizədliyini irəli sürmüşdü. İlkin mərhələdə UEFA Çempionlar Liqasını qəbul etməyə 2 - Bakı Olimpiya Stadionu (Bakı, Azərbaycan) və Estadio Metropolitano (Madrid, İspaniya), UEFA Avropa Liqasının həlledici oyununa ev sahibliyi etmək üçün 7 - Bakı Olimpiya Stadionu (Bakı, Azərbaycan), Dinamo Arena (Tbilisi, Gürcüstan), Frankfurt Stadion (Frankfurt, Almaniya), Arena Stuttgart (Ştutqart, Almaniya), Hampden Park (Qlazqo, Şotlandiya), Estadio Ramon Sanchez Pizjuan (Sevilya, İspaniya) və Beşiktaş Arena (İstanbul, Türkiyə) hazır olduğunu bildirib.
Prosedur qaydalarına uyğun olaraq, UEFA 2019-cu ildə keçiriləcək klub turnirlərinin final qarşılaşmasına namizədliyini irəli sürmüş Milli Assosiasiyalara Sifariş kitabını təqdim etmək üçün iyunun 6-na qədər vaxt vermişdi. Sifariş kitabını təqdim etmiş assosiasiyalardan UEFA Çempionlar Liqası üçün Bakı Olimpiya Stadionu və Estadio Metropolitanonun, UEFA Avropa Liqası üçünsə Bakı Olimpiya Stadionu, Ramon Sançes-Pisxuan və Beşiktaş Arenanın namizdəliyi qeydə alınmışdı.
2019-cu ildə keçiriləcək klub turnirlərinin final qarşılaşmasını qəbul edəcək stadionların adları bu gün açıqlanıb. Qısa müddət ərzində istifadəyə verilməsinə baxmayaraq, Bakı Avropa Oyunları və IV İslam Həmrəyliyi Oyunları kimi böyük tədbirlərin açılış və bağlanış mərasimlərinə ev sahibliyi etmiş Bakı Olimpiya Stadionu 2 il sonra keçiriləcək UEFA Avropa Liqasının final oyununu qəbul edəcək.