Avropa çempionatında uğur qazanmış milli komandalarımızla görüş keçirilib

Güləş üzrə Avropa çempionatında yüksək nəticələr əldə etmiş milli komandalarımızın üzvləri, məşqçilər və Azərbaycan Güləş Federasiyasının nümayəndələri ilə görüş keçirilib.

Azərbaycan Güləş Federasiyasının baş katibi Nəsimi Musayev, İcraiyyə komitəsinin üzvləri Namiq Abdullayev və Fərid Mansurov, yunan-Roma güləşi üzrə baş məşqçi Aleksandr Tarakanov, sərbəst güləş üzrə baş məşqçi Xetaq Qazyumov, qadın güləşi üzrə baş məşqçi əvəzi Toğrul Əsgərov, federasiyanın qadın güləşi üzrə koordinatoru Mariya Stadnik və milli komandaların bir neçə üzvü qazanılan uğurlar barədə təəssüratlarını bölüşərək yeni yarışlara hazırlıq planları haqda məlumat veriblər. Bildirilib ki, dövlət rəhbərliyi səviyyəsində güləşin inkişafına hərtərəfli dəstək göstərilir. Bu ildən etibarən müxtəlif yaş kateqoriyaları üzrə ölkə çempionatları bölgələrdə təşkil olunur, Bakıda və regionlarda güləş zallarının intensiv şəkildə yenidən qurulması və inventarla təminatı həyata keçirilir. Bu isə güləşə kütləvi marağın artmasına təkan verir.

Görüşdə Azərbaycan Güləş Federasiyasının prezidenti, iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin möhtəşəm qələbə münasibətilə güləşçilərə təbriklərini çatdırıb, uğurların davamlı olmasını arzulayıb. Vurğulanıb ki, dövlət başçısının diqqət və qayğısı ilə ölkəmizdə idmanın inkişafına hərtərəfli şərait yaradılıb. Bu isə idmançılarımıza, o cümlədən, güləşçilərə yüksək nəticələrə nail olmağa böyük stimul verir. Sərbəst və yunan-Roma güləşi üzrə milli komandalarımızın Avropa çempionu olması Azərbaycan güləşinin dünya səviyyəsində yüksək mövqeyini bir daha təsdiq edir. Qeyd olunub ki, ölkədə güləşin populyarlığı və bu idman növü ilə məşğul olanların sayı ildən-ilə artır, milli komandalarımızda daha çox istedadlı gəncin təmsil olunmasına imkan yaranır. Müxtəlif yaş qrupları üzrə Avropa və dünya çempionatlarında qazandığımız uğurlar milli komandaların güclü və geniştərkibli bazaya sahib olduğunu göstərir.

Xatırladaq ki, Slovakiyada keçirilmiş güləş üzrə Avropa çempionatında idmançılarımız 4 qızıl, 2 gümüş, 7 bürünc medal qazanaraq, həm yunan-Roma, həm də sərbəst güləş üzrə komanda hesabında birinci yeri tutublar.

Müəllif: Natiq NƏSİROV