Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirildi

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun rəsmi açılış mərasimi baş tutub. Milli Gimnastika Arenasında təşkil olunan tədbirdə əvvəlcə iştirakçı ölkələr təqdim olunub, dövlət bayraqları zala gətirilib.

Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fatimə Şəfizadə çıxış edərək paytaxt Bakının artıq doqquzuncu dəfə bu mötəbər yarışa ev sahibliyi etdiyini vurğulayıb. O, gimnastikanın zəriflik və gözəllik simvolu olduğunu qeyd edərək turnirdə iştirak edən bütün idmançılara uğurlar arzulayıb.

Rəsmi çıxışdan sonra Dünya Kuboku açıq elan edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ardınca tədbir bədii hissə ilə davam edib.

Turnirdə 39 ölkədən gimnastlar medallar uğrunda mübarizə aparırlar. İdmançılar həm ayrı-ayrı alətlər, həm də çoxnövçülük üzrə öz bacarıqlarını nümayiş etdirirlər.

Azərbaycanı fərdi proqram üzrə Kamilla Seyidzadə və Zöhrə Cəfərova, həmçinin qrup hərəkətləri komandası təmsil edir. Ənənəyə uyğun olaraq, bu il də ən çox icra xalını toplamış gimnast və qrup komandasına “AGF Trophy” kuboku təqdim olunacaq.

Qeyd edək ki, bu gün start götürən Dünya Kuboku yarışlarına aprelin 20-də yekun vurulacaq.

Müəllif: Bəhruz MƏMMƏDOV